Uşağa ad qoyanda diqqətli olmaq lazımdır, gözəl və yaxşı mənası olan adı seçmək lazımdır.
Uşağa ad qoyanda diqqətli olmaq lazımdır, gözəl və yaxşı mənası olan adı seçmək lazımdır.
Adlar da geyim kimidir, bəziləri insana tam uyğun olur, bəziləri uyğun olmur. Belə ki, ad daşıdığı məna ilə insan həyatına təsir edir. Pozitiv ad insanın taleyinə də müsbət təsir edir. Çünki ad insanın ömrünün sonuna kimi onunla yoldaş olan və onun şəxsiyyətinin formalaşmasına təsir edən ən mühüm amillərdən sayılır.
Valideynlər uşağa ad qoyarkən 10-15 il sonra uşağın öz adıyla fəxr edəcəyi və ya utanacağını da nəzərə almalıdırlar. Bir vaxtlar insanlara qoyulan bəzi adlar var ki, həmin şəxslər bu gün öz adlarından utanırlar. Bu adlara Kombayn, Kolxoz, Traktor adlarını misal vermək olar. İndi isə uşaqlara artıq Ronaldo, Messi adlarının verildiyinin şahidi oluruq.
Sosioloq – jurnalist Lalə Mehralı TİA.AZ-a bildirdi ki, hər bir adam adının xüsusiyyətlərini daşıyır. Elə buna görə də uşaqlarımıza adlar verərkən, bəzi xırdalıqlara diqqət yetirilməsi vacibdir: “Mənası yaxşı olmayan, zarafat və “lağlağı” mövzusu olan adlarımız da kifayət qədərdir. Elə adlar var ki, eşidəndə insanın tüklərini ürpərdir. Mən Cinayət, Fəlakət adlı insanlar tanıyıram. Gənc bir qız tanıyıram, adını Bibixanım qoyublar. Onu universitetdə görüb bəyənən, eşq elan edən oğlana belə utandığından adını deyə bilmir, çünki adını dediyi insanların üzündə gördüyü istehzalı gülüşdən xəcalət çəkir. Bu günlərdə Asan Xidmətə müraciət edib, adını dəyişəcək və öz istədiyi adı sənədinə yazdıracaq. Adının ağırlığını ömrü boyu daşıyacaq olan uşaq isə həmişə bu addan utanacaq, birisi adını soruşanda söyləməyə xəcalət çəkəcək.
Qədim yunan mifologiyasında deyilirdi ki, doğulan körpəyə ad qoyan şəxs onun gələcəyini yazır. Biz artıq elmi olaraq təsdiqini tapmış bir çox məsələdən, məsələn, rəqəmlərin insanlar üzərində təsirinin olmasından xəbərdarıq. Hind mədəniyyətində bu ənənə hələ də yaşadılır, toy ediləndə gənclərin astroloji rəqəmləri ilə uğurlu günlərini təyin edib həmin gün toy edirlər. Hazırda bu ölkədə doğulan hər yeni körpə üçün də astroloq, kahin, münəccim çağırılır, o müqəddəs kitabların köməyi ilə uşağa ən uğurlu adı seçir. Adqoyma mərasimi xüsusi təşkil edilir. Çünki ad insan həyatının demək olar ki, yol nişanıdır. Qədim Romada isə belə bir deyim vardı: “nomen est omen”, yəni “ad taledir”. Eşitmiş olarsınız, birisi bir hərəkət edəndə ona “adına uyğun hərəkət edib”, “adına-sanına layiq” kimi ifadələr istifadə edirik. Bir sözlə, adımız bizim pasportumuzdur. Hər kəs adının layiqli daşıyıcısı olur, yaxşı və pis mənalarda. Mən insanlar tanıyıram, adları Cinayət, Fəlakətdir. Bu adlar ömür boyu onların taleyinə təsir edir, həyatlarına yön verir, mənfi enerjisini kölgə kimi insanın üzərinə salır. Miskin adı verilən birisi ilə həmsöhbət olduğunuz vaxt siz ondan hansı müsbət enerjini ala bilərsiniz? Bir insan övladına hansı düşüncə ilə Miskin, Səfalət, Cinayət, Fəlakət adını verər? Bizim insanlarda qəribə bir adət var. Yeni doğulan körpəyə adətən rəhmətə gedən valideynin, qohumun adı verilir. Körpə hələ müdafiəsiz, zəif olduğu halda, bu qədər ağır yükü ona yükləyirlər. Çünki ad körpəyə verildiyi andan etibarən sahibini öz təsiri altına alır. Salyanda dərmandan zəhərlənib ölən qız – Gülmiranın taleyini hər birimiz oxuduq. Bu ad ailənin 3 qızına verilib, üçü də faciəli şəkildə ölüb. Bir hadisə baş verirsə, bu, təsadüf ola bilər. İkinci dəfə baş verirsə, buna da təsadüf adı vermək olar. Amma 3-cü dəfə baş verirsə, bu artıq təsadüf deyil. Mən bundan qabaq da eyni hadisəni eşitmişdim nənəmdən, oğluna Əsgər adı verən ailə 3 dəfə oğul ölümü yaşayıb. 4-cü oğula da Əsgər adı veriblər, o da ölüb. 5-ci oğulun adını Əsgər qoymayıblar, o, qocalanadək yaşayıb. İlk baxışda xurafat kimi görünə bilər, amma əslində mistik izahı da var. İndi yeni doğulan uşağa adətən valideynləri ad seçir. Bütün hallarda adı müsbət enerjili biri verməlidir. Çünki o ad ilə körpəyə həm də enerjisini yönləndirir. Daha bizdə ağsaqqal, başbilən birisi ilə məsləhət etmək adəti yoxdur, valideyn istədiyi adı seçib övladına qoyur. Bu məsələdə valideynlər bir az haqlıdır, çünki böyüklər ölən qohumun, yaxud da nənə-babanın adını verməkdə daha maraqlıdır. Amma valideynlər də bəzən o qədər mənasız və gülünc adlar seçirlər. Məsələn, çox rast gəlirəm, Ceyla adını ölkəmizdə çox qoyurlar. Soruşsan valideynlərdən bu sözün mənası nədir, bilməyəcəklər. Çünki əsas müasir ad olsun, nadir ad olsun, vəssalam. Ceyla sözü türkiyəlilərdən keçib bizə, ceylan, yəni bizim dildə ceyran sözünün gərəksiz formada qısaldılmasıdır. Yəni elə hesab edin uşağa Ceyla yox, Ceyra adını qoyub valideyn. Nə məna kəsb edir? ”
İlahə