Son vaxtlar azyaşlıların peyvənd olunması məsələsinə analar olduqca həssaslıqla yanaşırlar.
Son vaxtlar azyaşlıların peyvənd olunması məsələsinə analar olduqca həssaslıqla yanaşırlar.
Beləki, bir çox valideynlər peyvəndlərdən sonra uşaqlarda baş verən ağırlaşmalar və ya fəsadların ola biləcəyini səbəb göstərərək, övladlarını peyvəndlərə aparmır. Bəs, peyvənd olunmayan uşaqlarda hansı xəstəliklər ola bilər? Peyvənd vaciblidirmi? Bu suallarımıza mütəxəssislər cavab verdi.
Pediatr Vaqif Qarayev TİA.AZ-a bildirdi ki, peyvənd altına düşən xəstəliklərin hamısı epidemioloji baxımdan çox təhlükəlidir: “Az müddət ərzində böyük bir ərazini əhatə edir, epidemiya yaradır. Xəstəliklərin həm özünün gedişatı, həm də verə biləcəyi ağırlaşmalar son dərəcə təhlükəlidir-ölümlə nəticələnir.
1993-cü ildə ölkədə müharibə olanda difteriya tüğyan edirdi. Azərbaycanda müharibə ilə əlaqədar idarə olunmaz miqrasiya yaranmışdı, peyvənddən uzaq qalmış uşaqlar epidemiya yaratmışdı.
Ümumiyyətlə, peyvənd əleyhinə olanlar (anti-vaksinatorlar) Şərqi Avropada, keçmiş postsovet ölkələrində geniş yayılıb. Mənim onlara məntiqi sualım var? Əgər, sən uşağının peyvənd olunmasını istəmirsənsə, o zaman mənimkini də yoluxdurma! Çünki bu uşaq səninki ilə bərabər baxçaya, məktəbə gedir, həyətdə birlikdə oynayır. İstəmirsənsə özün bil, amma yoluxsa nəticəsi necə olacaq? Bu halda valideyn məsuliyyət daşıyır. Uşaq də cəmiyyətin bir üzvüdür və onun da xəstəlikdən qorunmaq hüququ var”.
Qeyd edim ki, Rumıniyada 2017-ci il tarixinə qədər 2300 nəfər qızılca ilə xəstələnib,14 nəfər isə dünyasını dəyişib. Ümumdünya Səhiyyə Təşkilatına dünyanın hansı ölkəsində, nöqtəsində peyvənd olunacaq infeksiyalara qarşı bir fakt qeydə alınırsa, onlara bu haqda məlumat verilir. V.Qarayev bildirdi ki, təəccüblü odur ki, belə bir epidemiyanın qarşısında ÜST lal kimi susur: “Əgər hökumət öz uşağı ilə maraqlanmırsa ,ÜST heç maraqlanmayacaq. Çünki Rumıniyada peyvənd əleyhdarları(anti-vaksinator) ordusu hökumətə qarşı çıxır. Şüurlu surətdə bildirirlər ki, peyvənd vurdurmuruq. Nəticə də budur. Ukraynanın Donbass vilayətində polimelit xəstəliyi yayılıb. Harda fəlakətlər, müharibələr var, səhiyyə xidmətinin səviyyəsi sıfırdır, bu xəstəlik orda artır”.
Peyvəndin əks-göstərişləri
Pediatr tarixə nəzər salaraq qeyd etdi ki, Sovet dövründə peyvənddən ağırlaşmalar, əks-göstərişlər çox idi, amma indi çox sadələşib: “Valideyn dilindən ərizə yazır ki, peyvənddən imtina edirəm, məsuliyyəti öz boynuma götürürəm. O zaman inzibati məcburiyyət var idi, hətta polislə gedib uşaqları poliklinikaya gətirirdilər. Valideynlər peyvənd zərərlidir və ya ağırlaşmalar səbəbindən deyil, sadəcə məsuliyyətsizlik ucbatından gətirmirdilər. İnfeksiyalara qarşı mübarizə dövlətin bir strateji xətti idi. İndi məsələ bir az sadələşib. Həmin preparatlar texnoloji cəhətdən o qədər təkmilləşib ki, onların çoxuna əks-göstəriş yoxdur. Ona görə də uşaqları peyvənddən yayındırmaq olmaz. Uşaqları peyvənd etdirməyib, risk qarşısında qoymaq qətiyyən doğru deyil!
Uşaqda kəskin infeksiya, qızdırma, allergik reaksiyalar, epilepsiyalar zamanı peyvənd vurdurmaq olmaz. Amma böyük və əsas kütlə üçün əks- göstəriş yoxdur”.
Peyvənd vurulanda orqanizmada nə baş verir?
V.Qarayevin sözlərinə görə, peyvəndlə orqanizmə yad zülal yeridilir. Bu yad zülal orqanizmdə mütləq reaksiya verir, antitellər əmələ gəlir: “Yerli reaksiya -iynə vurulan yerdə qızartı, şişkinlik ola bilər. Qızdırma 37 dərəcədən 38 yarıma kimi qalxa bilər. Həmin gün 12-24 saat ərzində narahatçılıq, hərarət, yuxunun pozulması, oyanıqlıq, yeməkdən imtina halları baş verə bilər. Biz bunu təbii hesab edirik. 2-3- cü sutkadan sonra bu əlamətlər keçir. Həm yerli reaksiya, həm də sadaladığım ümumi şikayətlər ola bilər. Peyvənd mütləq sağlam uşağa vurulmalıdır. Peyvənd əleyhdarları (anti-vaksinatorlar) deyirlər ki, sağlamlığı necə təyin edirsiz?
Dünyanın heç bir ölkəsində peyvənd vurulacaq uşağı təpədən- dırnağa kimi müayinə etmirlər. Əgər ananın hamiləlikdə, doğuşda və ya doğuşdan sonra uşağın inkişafı ilə bağlı şikayətləri varsa, o istiqamətdə həkim müayinə aparmalıdır.Əgər müayinə zamanı həkim heç nə tapmırsa, həmin uşağa peyvənd vurulmalıdır. Uzun illərin pediatrı kimi deyə bilərəm ki, hələ indiyə qədər peyvəndə qarşı bir reaksiya verən uşaq görməmişəm”.
Əhali arasında çox geniş yayılıb ki, peyvənd autizm yaradır
“Bu fikir kökündən yalandır. Autizm təzə problemdi, təkcə bizdə yox, dünyanın heç bir ölkəsində bilmirlər ki, bu xəstəlik nədi və nədən yaranıb. Autizm Avropada- Almaniyada, Fransada daha çoxdur. Yəni orda tibb işçiləri və əhali o qədər geridə qalıblar ki, peyvənd vurdurub, öz uşaqlarını autizm xəstəsi etsinlər? Autizm ortalığa çıxandan sonra bizim əhalidə çaşqınlıq yaranıb. Keçən ilə qədər Bakıda peyvənd siyahısına düşən göy öskürək xəstəliyi yayılmışdı, bu diaqnozla qəbuluma peyvənddən yayındırılmış, göy öskürəyə yoluxan uşaqlar gətirirdilər. Göy öskürək ağırlaşmalar olmasa belə, uzun müddət müalicə tələb edir. Ağırlaşması da çox ciddi və təhlükəlidir və ölümlə nəticənir. Belə uşaqlar aylarla boğula-boğula öskürəkdən əziyyət çəkir. Uşaq boğulur, öskürməkdən nəfəsi dayanır. Uşaq sağalana qədər həm uşaq, həm də valideynlər işgəncə çəkir.
Xatırladıram ki, “AKDS” peyvəndindən yayınma təhlükəlidir. Hər kəs bilməlidir ki, “AKDS” peyvəndi çox vacib olan peyvənddir. Valideynlərdən niyə peyvənd vurdurmamısız soruşanda deyirlər ki, bilmirəm, peyvəndlərlə bağlı şübhələrimiz var və s. Peyvəndin problem yaratması barədə eşitdiyi şayiələri bəhanə edib, uşaqları peyvənddən yayındırmaq olmaz. İndiki dövrdə əhalinin sanitar maarifi- mədəniyyəti son dərəcə aşağıdır”.
Dövlət poliklinikalarındakı peyvəndlərin Hindistan, özəl xəstəxanalardakının isə Avropa istehsalı ilə bağlı fikirlər insanlarda ikili münasibət yaradır.
“Mən doğrusu buna inanmıram ki, Hindistandan gələn peyvənddən ikinci bir ağırlaşma olsun. Amma əhali arasında bu söz-söhbət var. Əslində bunu dövlət alır və pulsuz olaraq uşaqlara vurur. Özəllər ən çox bu peyvəndi Türkiyədən alır, bahalı və keyfiyətlidir. Türkiyənin peyvəndi sığortalıdır. Orda heç kim peyvənd ziyandır deyə boyun qaçırmır. Çünki cəmiyyət bu baxımdan çox maariflənib və bilirlər ki, peyvəndin vurulması vacibdir. Amma bunu da göz ardına almaq olmaz, çünki ondan reaksiya gözləmək mənasızdır.
Dünyada peyvənd problemi son 10 ildə ajiotaj yaradıb. Bir məsələ var, səhiyyəni bütün dünyada biznes poliqonuna çeviriblər. Bu dərmanla da bağlıdır, vaksinlə də. Dünən su yerinə işlədilən dərmana bu gün ziyandır, zəhərlidir deyirlər. Mən məntiqimi yan-yana qoyub fikirləşirəm necə olur zəhərlidi? Mən bu dərmanla iki nəsil böyütmüşəm! Dərman sənayesi dünayada ən çox pul gətirən sahələrdən biri olduğu üçün orda güclü nəzarət olmalıdır.
İndiki ajiotaji görüb deyirəm ki, Sovet vaxtının xeyirli tərəfi o idi ki, sərhədlər bağlı idi, qulaqlara heç nə gəlib çatmırdı. İdeologiya möhkəm oturmuşdu. İndi sərhədlər açıqdır, internet hər yeri qatıb- qarışdırıb. Kim nə istəyir deyir, yazır”.
Mətbuatda peyvəndlərin tərkinbdə ağır metallar və civə olduğuna dair məlumatlara rast gəlirik.
“Vaxtaşırı mətbuatda peyvəndlərin ziyanından yazan jurnalistlərə məntiqi sualim var. Bizdə peyvəndin tərkibində civə, ağır metalların miqdarı yuxarıdırsa, Avropoda – İsrail, Fransa, Almaniyada autistlər Azərbaycandan niyə çoxdur? Düzdü orda əhali çoxdu, bu problem orda daha geniş yayılıb. Bir məntiqlə düşünək, onlar düşünmürlər ki, peyvənd olunduqda usaqları autist olacaq?
Mən praktiki həkim olaraq görürəm ki, ölkəmizdə müharibə gedə zaman difteriyadan ölüm halları az deyildi. Xəstəliyin yeganə dərmanı var idi, həmin zərdab Azərbaycana xaricdən, yaxın Mahaçqaladan gətirilirdi ki, uşağı həyata qaytarmaq mümkün olsun. O vaxt bunu nə ilə cilovladıq, necə oldu, həmin zərdabın vasitəsilə, yoxsa ölkə batıb gedirdi”.
Bir çox farmakoloji şirkətlər vaksinlər ucuz başa gəlsin deyə onun tərkibindəki, konservantların miqdarını 2 dəfə artırıblar. Ümumdünya Səhiyyə Təşkilatı əvvəlcə buna etiraz etsə də, sonralar bu göstəricilərin 3-cü tip ölkələr ücün məsləhətli olduğunu bildirdi. Belə desək, avropalı üçün zərərli hesab olunan bir məhlul 3-cü tip ölkə üçün – məsələn, elə azərbaycanlı körpə üçün ziyanlı deyil.
“ÜST əgər Hindistan istehsalı olan peyvəndin istehlakına icazə verirsə, Vaqif Qarayev kimdir ki, bu peyvənd ziyanlıdır desin! Yəni, ÜST-ün qəbul etmədiyi istehsalçılardan peyvəndlər Azərbaycana gətirilmir. ÜST lisenziya verir”.
Onu da qeyd edək ki ki, Azərbaycana peyvəndlərin əsasən Fransa, Belçika, İtaliya, Hindistan, Türkiyə, Rusiya və bir qisiminin isə Danimarkadan gətirilir. Səhiyyə Nazirliyinin özü də müəyyən peyvəndlər alır. Bununla yanaşı, müxtəlif fondlar, o cümlədən Rastropoviç- Vişnevskaya Fondu tərəfindən ölkədə peyvəndləmə işləri həyata keçirilir.
Tibb müəssələrində istehlakçı hüquqlarının müdafiə komissiyasının sədri Əhməd Rəhmanov bildirdi ki, peyvənd istehsalçılarının öz yazdıqlarına görə, peyvəndlər orqanizmdə müəyyən bir müddətə xəstəliyə qarşı çəpər yaradır: “Daha doğrusu immunitet yaradır. İndi gəlin vaxta baxaq. Bir çox Avropa istehsalçıları bu qoruyucu vaxtı 6-9 ay arası göstərir. Sual olunur bəs sonra? Bizim peyvənd təqviminə baxsaq görərik ki, bəzən revaksinasiya 10 aydan çox çəkir. Belə çıxır ki, peyvənd tərəfdarlarının təriflədiyi bu yüngül xəstəlik dövründən sonra uşaq yenə də müəyyən bir müddətə müdafiəsiz qalır . Kim zəmanət verir ki, peyvəndin köməkliyi ilə yüngül də olsa xəstəlik keçirən uşaq, yəni zəif orqanizm, başqa bir xəstəlik tutmayacaq?
Dunya üzrə 80-ə yaxın elmi işiylə tanınmış həkim Mark Sirkus yazır:
”Düzdür ağır metallar peyvəndlərin tərkibində uzun müddətdir ki, istifadə olunur, lakin peyvəndlərlə bağlı əsas Problemlər 1992-ci ildən sonra başlandı. Bir çox Farkoloji şirkətlər vaksinlər ucuz başa gəlsin deyə vaksinlərin tərkibindəki, konservantların miqdarını 2 dəfə artırdılar. Düzdür, Dünya Səhiyyə təşkilatı buna etiraz etsə də sonralar bu göstəricilərin 3-cü tip ölkələr ücün məsləhətli olduğunu bildirdi. Ə.Rəhmanovun sözlərinə görə, bu ÜST-ün göstəricilərinə görə normadan 35 dəfə çoxdur.Avropada artıq 2007-ci ildən Mantu sınağı qadağan olunub və Diaskintestlə əvəz olunub. Bədənə preparat yeridilmədən barmaqdan qan və ya ağızdan tüpürcək götürülərək kənarda yoxlanılır”.
Qeyd edək ki, civə insan orqanizminə ən ağır ziyan verə bilən maddələrdən biridir, onun orqanik birləşmələri isə qeyri-orqanik birləşmələrinə nisbətən daha ziyanlıdır. Civə insan orqanizmində yığılaraq, onun bütün orqan və toxumalarına təsir göstərir və müxtəlif xəstəliklər yaradır. Ən çox fəsadlar isə sinir sisteminə yetirir. Nəticədə “qoca, dəli papaqçı xəstəliyi”, minamat xəstəliyi və sair xəstəliklər zamanı mərkəzi və periferik sinir sistemində ağır dəyişikliklər baş verir.
Eyni ilə peyvəndlərin tərkibində olan alüminum da müxtəlif xəstəliklər yaradır və yenə də əsasən sinir sistemini dərindən zədələyir. Misal olaraq, alsqeymer və parkinson xəstəliklərini göstərmək olar.
ÜST-ün hesablamalarına görə, orta və yaşlı insanlara civə qəbulunun çəkinin hər kiloqramına uyğun olaraq, 0.1 mikroqram dəyərində olmasına icazə verilir.
Ə.Rəhmanov bildirir ki, peyvəndlərin tərkibi haqqında insanlara məlumat verilmir. Halbuki “İmmunizasiya haqqında” Qanuna əsasən, valideyn uşağına vurulan peyvənd və ya mantuya görə valideynə onların tərkibi barədə məlumat verilməlidir. Bunu üçün Səhiyyə Nazirliyinin xüsusi əmrinə əsasən, bütün poliklinikalarda peyvənd otaqlarının yanında peyvəndlərin tərkibi və mövcud fəsadlar barədə stend olmalıdır.
Nilufər