Uşaqları döyə-döyə tərbiyə etməzlər-Psixoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizi döyə-döyə adam elədilər” damğasını boş verin. Hər dövrün öz “uşaqları” var
 

“Bizi döyə-döyə adam elədilər” damğasını boş verin. Hər dövrün öz “uşaqları” var. Uşaqları döyə-döyə tərbiyə etməzlər.

Axar.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev 8 yaşlı məktəbli qızın dərslərini yaxşı oxumadığı üçün anası və müəlliməsi tərəfindən döyülməsi haqqında danışarkən deyib. Pediatrın fikrincə, uşaqları, xüsusilə də şagirdləri döymək olmaz:

“8 yaşlı qız uşağı, büzüşüb, əlləri ilə sifətini gizlədib. Yaxşı oxumadığına görə həm anası döyür, həm də müəllimi, həm də mütəmadi olaraq hər gün. İndi ana həkimdə əlac axtarır. Narahatdır ki, birdən qızına “dəli həkimi” lazım olar. Guya narahatdı.

Məktəbliləri döymək olmaz. Fiziki zorakılıq qəbulolunmazdır. Oxumur, ya yaxşı oxumursa, döyməklə düzələcəkmi? Təcrübə göstərir ki, düzəlmir. Hər dövrün öz uşaqları var. Fiziki aqressiya cavab olaraq aqressiya yaradır. Döyə-döyə onu “çətin uşaq” eləyirik. Ya da əksinə, özünə qapanır. Nə valideyni, nə də müəllimini özünə dost bilir. Hər iki halda nəticəni və fəsadları hər gün görürük. Avropanın bir çox ölkələrində uşaqlara əl qaldırmaq qadağandır! Fiziki zorakılıq ən çox Afrika, Asiya və Yaxın Şərq ölkələrində tətbiq olunur”.

Psixoloq Narınc Rüstəmova da döyülən uşaqların kinli olduğunu bildirib. Onun sözlərinə görə, məktəbliləri, ümumiyyətlə deyilən sözü başa düşən 6 yaşdan yuxarı olan uşaqları vurmağın faydası yoxdur:

“Uşağın döyülərək cəzalandırılması vicdanının zəif formalaşmasına gətirib çıxarır. Döyülmək uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır. Uşaq etdiyinin pis bir şey olduğunu bilib özünü günahkar hiss etmək əvəzinə onu döyəni günahlandırır. Döyülmək uşağın valideynlərinə qarşı güvənini itirir. Döyülən uşaqlar özləri də əsəbiləşəndə döyməyə əl atır. Beləliklə, fiziki cəza uşağa vicdanlı olmamağı öyrədir”!

Psixoloq uşağı hansı halda vurmaq lazım olduğuna da aydınlıq gətirib:

“Uşağı döyməyin əslində zərərli olduğunu anlamaq və buna ancaq aşağıdakı hallarda son çarə kimi əl atmaq olar. Əgər uşaq başqasına qəsdən və bilərək zərər verərsə, davamlı xəbərdarlığa baxmayaraq pis hərəkətində israr edirsə (məsələn, elektrik cərəyanı ilə, qazla oynayırsa), o zaman uşağın əlinin üzərindən astaca vurmaq olar”.

TİA.AZ