Öskürək infeksion xəstəliklərdən əlavə bir çox xəstəliyin əlaməti ola bilər. Körpəniz öskürürsə və bu öskürək uzun müddət (15-20 gün) davam edirsə, öskürəyin xarakterini aşkarlamaq üçün pediatr müayinəsi vacib sayılır.
Tribunainfo.az yazır ki, pediatr Nigar Süleymanova hansı hallarda həkimə mütləq müraciət etməli olduğumuz məqamları açıqlayıb:
“Uşaq əgər gecə yatarkən davamlı öskürürsə, səhərə yaxın tutmaşəkilli öskürəklə oyanırsa, fiziki hərəkət zamanı (qaçarkən, tullanarkən və s.) öskürürsə, öskürərkən nəfəsalmada çətinlik çəkirsə, boğulma, göyərmə kimi hallar baş verirsə mütləq həkimə müraciət etmək lazımdır.
Bu vəziyyət tez tez təkrarlanırsa, ailədə (yaxın qohumlarda) astma xəstəliyi varsa körpəniz dərindən müayinə olunmalı, vəziyyəti dəyərləndirilməlidir.
Əgər ətraflı müayinədən sonra körpənizə astma dizaqnozu qoyulmuşsa uyğun müalicə üsulu seçilməli, lazımı tədbirlər (yun yataqdan istifadə, ciddi pəhriz, kəskin qoxulardan və siqaret çəkilən mühitdən uzaq tutmaq və s.) görülməlidir. .
İlk növbədə körpədə allergiyanın nəyə qarşı olduğun müəyyən etmək (nəfəs və qida paneli analizlərin verməklə) və bunlardan uzaq tutmaq lazımdır!”.