Təhsil eksperti: “Şagirdlər azı 21 gün istirahət etməsə, yeni tədris ilinə həvəssiz başlayacaqlar”; Təhsil Nazirliyi: “Pulsuz yay düşərgələri var”
Yay fəsli uşaq orqanizminin inkişafı üçün çox əhəmiyyətlidir. Buna görə də uşaqlar yay tətilini həm sağlamlıqları, həm də inkişafları naminə səmərəli keçirməlidir.
Tətil planları əvvəlcədən – elə tədris zamanı hazırlanmalıdır. Yay tətili gəlib çatandan sonra uşağın 3 ayı necə keçirəcəyini planlaşdırmaq çox çətin olur. Belə olanda isə uşaq gününü ya küçədə, ya da kompüter qarşısında keçirməli olur.
Əvvəllər uşaqların yay tətilini səmərəli keçirə bilmələri üçün yay düşərgələri var idi. Uşaqlar üçün tədris ilinin sonunda pioner düşərgələri fəaliyyət göstərirdi. 1990-cı illərdən sonra bu düşərgələr dağılmağa başladı. Bunun əsas səbəbi düşərgələrin binalarında məcburi köçkünlərin məskunlaşmasıdır. İndi bu düşərgələr yox vəziyyətindədir.
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, indi məktəbliləri düşərgələrə yönləndirmək də çox çətindir: “Çünki hazırda Azərbaycanda 1,6 milyon şagird təhsil alır. Ümumilikdə bu düşərgələr 9 aylıq təhsildən sonra tətil adlandırılsa da, əslində tətil, istirahət deyil, öyrəndiklərinin təcrübəsini keçmək olmalıdır. Şagirdlər 3 ay tətil dövründə oxumaq, yazmaq vərdişlərini yadırğamamalıdır. Hazırda düşərgələrin sayı azdır və qiymətlər reallığı əks etdirmir. Həmin düşərgələrdə adambaşına düşən maliyyələşmə kifayət qədər yüksək göstərilib. Hazırda həmkarlar ittifaqlarının nəzdində 4 uşaq düşərgəsi fəaliyyət göstərir. Həmin düşərgələrdə 3 ay ərzində uşaqların ümumi qəbuletmə imkanı 3400 nəfərdir. Uşaqlar düşərgələrdə 21 gün müddətində qala bilər. Nabranda, Şüvəlanda ”Olimp”, “Şahin”, “Aypara” uşaq düşərgələri ilə yanaşı Milli Elmlər Akademiyasının da uşaq-sağlamlıq düşərgələri var. Bütün valideynlər işlədikləri müddətdə Həmkarlar İttifaqına 1 faiz pul ödəyirlər. Bu da o deməkdir ki, bu valideynlərin uşaqları uşaq düşərgələrinə böyük endirimlə getməlidir. Qanunvericiliyə görə, 180 manatlıq göndərişə valideyn 27 manat ödəməlidir”.
Ekspert etiraf edir ki, hazırda uşaqlar üçün təşkil edilən yay düşərgələrinin səmərəsi yoxdur: “Çünki yay düşərgələrində əslində maarifləndirici tədbirlər, kino nümayişləri, görkəmli şəxslərlə görüşlərin keçirilməsi, ölkə təbiətinin öyrədilməsi, ekoloji biliklərin aşılanması yox səviyyəsindədir. Sadəcə, uşaqları toplayıb, gəzdirir, şəkil çəkdirir və hesabat verərək işlərini bitmiş hesab edirlər. İndiki yay düşərgələri plan yerinə yetirmə və görüntü xarakteri daşıyır. Sovetlər dönəmində yay düşərgələri tamam fərqli idi. Xatırladım ki, Azərbaycan 1992-ci ildən BMT-nin uşaq hüquqları Konvensiyasına qoşulub. Bu konvensiyada göstərilib ki, uşaqların istirahət hüququ təmin edilməlidir. Bu gün uşaqlarımız yay tətilində valideynləri ilə dənizə çimməyə və yaxud meşələrə və çaylara gedirlər. Bu səfərlər zamanı uşaqlar yaşlarına uyğun olmayan mənzərə ilə qarşılaşırlar. Uşağın tətil vaxtı gördüyü mənzərə dəniz kənarında baş verənlər və valideynlərinin meşələrdə kabab çəkərək içki məclisi qurma mənzərələridir. Şagirdlər 9 aylıq təhsildən sonra minimum 21 gün istirahət etməsə, təbiət qoynunda olmasa, onlar yeni tədris ilinə həvəssiz başlayacaqlar. Təəssüf ki, bizdə istirahət dedikdə dənizə girmək, meşəyə getmək, yatmaq başa düşülür. Əslində isə bu, dünyada istirahətin ən son meyarlarıdır”.
K.Əsədov düşərgələrin qiymətlərinin, adambaşına düşən maliyyə xərclərinin reallığa uyğun olmadığını deyir:“Adambaşına 300 manat düşərgə qiyməti real qiymət deyil. Adambaşına 21 gün üçün maksimum 50-70 manatdan artıq ola bilməz. Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyəti çox aşağı səviyyədədir. Bütün bunların hamısı Təhsil Nazirliyi, rayon təhsil şöbələri, şəhər təhsil şöbələri tərəfindən həyata keçirilməlidir. Və hətta ilin əvvəlində şagirdlərə təlimdə yüksək göstəricilər göstərən şagirdlər olimpiadaların, yarışların, buraxılış imtahanlarını yüksək səviyyədə keçmiş uşaqlar ilin sonunda düşərgələrə göndəriləcək xəbərdarlığı edilməlidir. Uşaqlar üçün yüksək səviyyəli yay düşərgələri yaradılmalıdır. Bu, həm də əlavə iş yeri deməkdir. Azərbaycanda hazırda 160 min tələbə var. Demək olar ki, onların hamısı işsizdir. Onların 70 faizi regionlardan gələnlərdir. 3 ay ərzində həmin tələbələr boş qalmasın deyə, əlavə gəlir əldə etsinlər deyə, aidiyyəti qurumlar layihələr hazırlasınlar. Yaxşı olardı ki, Təhsil Nazirliyi, təhsil şöbələri, məktəb direktorları bu sahədə çalışsınlar. Bu, Azərbaycan təhsilində inqilabi bir addım olar”.
“Yeni Müsavat”ın Təhsil Nazirliyinə göndərdiyi sorğuya cavab olaraq bildirilir ki, uşaqların yay tətilini səmərəli keçirməsi üçün sözügedən nazirlik və bir neçə qurum tərəfindən pulsuz yay düşərgələri təşkil olunur: “Təhsil Nazirliyinin əməkdaşlarının uşaqları üçün ”Təhsil” Respublika İdman Mərkəzinin Zağulba Tədris İdman Bazasında iyulda düşərgə təşkil ediləcək. Bundan başqa, Uşaq-Gənclər İnkişaf Mərkəzi, İDEA İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin birgə əməkdaşlığı ilə iyulda Lerik rayonunda “Bəbirləri mühafizə edək”, İsmayıllı rayonunda “Zubrları təbiətimizə qaytaraq”, Qax rayonunda “Ceyranları qoruyaq” adlı ekoloji yay düşərgələri təşkil ediləcək. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Cücələrimin qonağı olaq” Art-düşərgə, Quba rayonunda ekoloji düşərgənin təşkili nəzərdə tutulur. Nazirliyin əməkdaşları üçün təşkil edilən və adıçəkilən düşərgələr ödənişsiz əsaslarla təşkil ediləcək. Respublika Uşaq-Gənclər İnkişaf mərkəzi tərəfindən təşkil edilən düşərgəyə mərkəzin fəal dərnək üzvləri cəlb edilir. Lerik, İsmayıllı və Qax rayonlarında təşkil olunan düşərgələr İDEA İctimai Birliyinin dəstəyi ilə keçirilir. Düşərgə 3 gün müddətindədir və həmin düşərgəyə yerli və qonşu rayonların təhsildə və ictimai işlərdə fəal məktəblilər cəlb olunurlar. Quba rayonunda təşkil edilən ekoloji yay düşərgəsinə Ekoklub üzvləri, “Cücələrimin qonağı olaq” adlı Art-düşərgəyə mərkəzin fəal dərnək üzvləri cəlb olunacaq. Hər iki düşərgə 7 gün nəzərdə tutulub”.