Uşaqlarda iştahsızlıq, yemək bəyənməmə, yeməkseçmə kimi hallar valideynləri ən çox narahat edən məqamdır. Hər valideyn bununla müxtəlif formada mübarizə aparır. Uşağına əlavə yemək edən də var, yemir yeməsin deyən də.
Tribunainfo.az xəbər verir ki, pediatr Nigar Süleymanovanın fikrincə, iştahsızlıq bəzən yemək vərdişinin düzgün formalaşmamasından qaynaqlanır. Bu vərdişi onlara qazandıran isə analardır:
““Evdəki yeməyi sevmədiyi üçün sevdiyi yeməyi bişirdim” deyən ana ən böyük səhvi 2-ci yeməyi bişirərkən edir. Uşaq artıq alternativ variantın olduğuna vərdiş edir, hər dəfəsində bunu sizdən tələb edir. Əgər körpə əsas öyün zamanı yeməkdən imtina edərsə, yemək istəməzsə məcbur etməyin. Arada atışdırmalıq qidalar təklif etməyin.
Yemək zamanı uşağın əlinə telefon, planşet verməyin. O zaman fikri yeməkdə yox, əlindəki əşyada olacaq və bu yemək yediyinin fərqinə varmasına mane olacaq. Gündəlik qida qəbulu 3 ana, 2 ara olmaqla 5 öyündən ibarət olmalıdır.
Körpə rasionunda əsas qidanı zülal mənşəli məhsullar (qırmızı ət, balıq, toyuq əti, yumurta, qatıq, süd, pendir, kəsmik) , meyvə və tərəvəzlər təşkil etməlidir”.