2015-ci 166 min 210, 2016-cı ildə 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982, 2019-cu ildə 141 min, 2020-də 125 min, 2021-ci ildə 110 min 700, 2022-ci ildə 122 min 846 körpə dünyaya gəlib.
Yenipress.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli qeyd edib. O bildirib ki, 2015-ci illə müqaisədə 2022-ci ildə 43 min 364 uşaq az doğulub, doğuş sayı azalır:
“Amma digər çox ciddi problem də var – bizdə əhalidə sürətlə qocalır və əngəlli insanların sayı kəskin artır.
Azərbaycanda ahıl şəxslərin (70 yaş və daha artıq olan) sayı 2000-ci ildə 226,7 min nəfərdən 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən 452,1 min nəfərə çatib – təqribən 2 dəfəyə yaxın artım var. Bundan başqa əlilliyi müəyyən edilmiş şəxslərin sayı artaraq, bu müddətdə 251 min nəfərdən 615 min nəfərə qədər yüksəlmişdir – bu göstəricidə də 3 dəfəyə yaxın artım qeyd olunub.
Yəni, demoqrafik vəziyyətimiz kritikləşir, doğuş azalır, yaşlı və əngəlli insanların sayı artır – bu isə o deməkdir ki, bir müddət sonra təqaüd yaşında olanlar artacaq, obrazlı desək, “nəsillər arası həmrəylik” zənciri qırılacaq – indi indi gənclər işləyir, DSMF-yə pul ödəyir, o pulla təqaüdçülərə ödənişlər olunur, sonra indiki gənclər növbəti nəslin ödənişlərini təqaüd kimi almalıdırlar. Zatən DSMF öz xərcini ödəyə bilmir, büdcədən ən çox dotasiya alan qurumlardan biridir, bir müddət sonra büdcənin təqaüd və əngəlli insanlara ödəniş üçün daha çox vəsait ayırmağa məcbur qalacağıq. Bu isə bir tək neft-qaz sektorunda asılı olan büdcənin yükünü çəkilməz edəcək, ödənişlərin azalması, həyat keyfiyyətinin və səviyyəsinin daha da azalması baş verəcək.
Mən anlayıram ki, bizim başımızı günlük problemlərin gündəlik müzakirəsi ilə qatıblar, ictimai müzakirələrdə stateji məsələlər populyar deyil, amma, həzarət, bilin və agah olun ki, indiki idarəetmə və iqtisadi sistem dəyişməsə, daha effektiv modelə keçə bilməsək ölkəmizi ciddi kasıblıq dövrü gözləyir. Çünki, xərclərimiz də kəskin artır, işğaldan azad edilən torpaqlarımızın bərpasına, təhlükəsizliyimizin təminatına hər il daha çox vəsait xərcləməyə məcbur olacağıq – bu isə o deməkdir ki, əlavə gəlir mənbəələrinə ehtiyac artır, bu sistem isə əlavə dəyər yarada bilmir.
Demokrafik vəziyyətin düzəlməsi əlavə büdcə xərcləri tələb edir, “uşaq pulu” təsis edilməlidir ki, bu da büdcəyə yüklənəcək. Büdcə isə “bir borudan” asılıdır, ordandan keçən mayenin isə həcmi azaılır, qiyməti oynaqdır, dayanıqlı inkişafa imkan vermir. Deməli məmləkətə bir “borudan sallanmayan” yeni iqtisadi model lazımdır, bu olmazsa-olmazdır, yeni iqtisadi model isə effektiv idarəetmə, ədalitli məhkəmə sistemi olmadan mümkün deyil”.