Tanınmış teleoperator Tural Qasımovun 43 yaşında ürəktutmasından dünyasını dəyişməsi qəfləti ölümləri yenidən gündəmə gətirib. Son illər gənc yaşda xüsusilə kişilərdə ürəktutmasınan ölüm hallarının artması narahatlıq yaradır.
Tribunainfo.az yazır ki, həkimlər bu cür qəfil ölümlərdən qoruna bilmək üçün illik müayinələri məsləhət görür.
Həkim Vaqif Qarayev bildirib ki, bu cür ölümlərin səbəbləri ilə bağlı statistika ictimailəşdirilməlidir:
“30-40 yaşında qəfləti ölümlər çox artıb. Belə hadisə olanda həkimlər mediada kifayət qədər maarifləndici məlumatlar verir. Dünya üzrə statistik məlumatlar da var. Bizdə də statistika ictimailəşdirilməlidi tez-tez, ölümün səbəbləri barədə məlumatlar ictimailəşdirilməlidir.
Sağlam həyat tərzi, düzgün qidalanma, stresdən uzaq olmaq vacibdir.
Bu yaşda olan insanlarımız ildə bir dəfə kardioloji, nevroloji, onkoloji check-up olunmalıdır. Bu İcbari Tibbi Sığorta hesabına olsa, yaxşı olardı. Ya da ildə bir dəfə kafe-restorana getməyib könüllü check-up olunmaq lazımdır”.
Professor Adil Qeybulla isə bildirib ki, gənc yaşda ürəktutmalarının səbəbləri müxtəlifdir:
“Az hərəkətlilik, oturaq həyat ürək problemlərini artırır. İnsanlar çox az hərəkət edir. Pilləkən əvəzinə liftdən istifadə edir, piyada deyil avtomobillə gedirlər. Televizor pultla çalışır və heç kəs kanalı dəyişmək üçün yerindən durmalı olmur. Bunlar hamısı insanı oturaq həyata məcbur edir, tənbəlləşdirir. Paralel olaraq da keyfiyyətsiz qidalar, yağlı yeməklər, gündəlik stress ürək problemlərini artırır”.