ÜRƏK QÜSURU İLƏ DOĞULAN UŞAQLARIN SAYI ARTIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar Azərbaycanda ürək qüsuru ilə doğulan uşaqların sayı artıb. Bu sahədə faizlərin artması diaqnozun vaxtında və düzgün qoyulması ilə əlaqəlidir”. “Son zamanlar Azərbaycanda ürək qüsuru ilə doğulan uşaqların sayı artıb. Bu sahədə faizlərin artması diaqnozun vaxtında və düzgün qoyulması ilə əlaqəlidir”.

TİA.AZ-ın məlumatına görə, bunu Azərbaycanın baş kardioloqu Faiq Quliyev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, əgər əvvəllər uşaqların hansı səbəbdən ölməsi bilinmirdisə, bu gün ölüm səbəbləri, bunun ürəklə əlaqəsinin olub-olmaması dərhal müəyyənləşir. Baş kardioloq qeyd edib ki, uşaqlarda anadangəlmə ürək qüsurlarının artmasının ən mühüm səbəbi qohumlar arasında evliliyin çox yayılmasıdır.

O bildirib ki, mətbuatda, cəmiyyətdə problem mütəmadi qaldırılaraq qohum evliliyi nəticəsində müxtəlif xəstəliklərin genetik olaraq uşaqlara keçməsi riskinin böyük olduğu izah edilir.

Kardioloq vurğulayıb ki, hər zaman olduğu kimi bu gün də qadınlar arasında ürək xəstəlikləri geniş yayılıb: “Qadınlarda arterial hipertenziyanın, kardiovaskulyar xəstəliklərin yayılması daha çoxdur. Kardiovaskulyar xəstəliklər qadınlarda 52%, kişilərsə 48% təşkil edir. Bundan əlavə 65 yaşından sonra qadınlarda ürəyin işemik xəstəliyi sürətlə artmağa başlayır və kişilərdən çox rast gəlinir. Ürək xəstəliklərindən əziyyət çəkənlər Bakıda çoxluq təşkil edir. Çünki paytaxtda urbanizasiya nəticəsində ekologiyanın pozulması, emosional stressin artması ürək-damar xəstəliklərinin artmasına zəmin yaradır. Ölkədə ürək və beyin xəstəlikləri ümumi ölümlərin 60 faizini təşkil edir. Bundan sonra onkologiya, travmatologiya və digər xəstəliklər üzrə ölümlər gəlir”.
F.Quliyev əlavə edib ki, son zamanlar Azərbaycanda ürək-damar xəstəlikləri ilə yanaşı, nevroloji problemlər, insultlar, beyin qan dövranı çatmazlığı artır. Onun sözlərinə görə, işləməyən insanlarda bu xəstəlik daha çox müşahidə olunur: “Belə insanlarda depressiya halları daha çox olur ki, bu da qəfləti ölüm riskini 5 dəfə artırır. Kimsə işsiz qalırsa, iş tapa bilmirsə, yaxud işsizlikdən ailə həyatı qura bilmirsə bunların hamısı daxili gərginliklərin yaranmasına səbəb olur. Ona görə də işləməyən insanlar arasında ölüm halları işləyənlərə nisbətən daha çox olur”.

Baş kardioloq deyib ki, ürək-damar xəstəlikləri bu gün ölkədə ən çox yayılan əsas xəstəliklərdən biridir: “Son illər ölkədə ürək-damar xəstəlikləri epidemik xarakter daşıyır və belə xəstələrin sayı artır. Onun sözlərinə görə, ölkədə ürək-damar xəstəliklərindən olan arterial hipertenziya 40 yaşdan yuxarı insanlarda 40%, 50 yaşdan sonra 50%, 60 yaşdan yuxarı insanlarda isə 60 % təşkil edir.

F. Quliyev qeyd edib ki, Azərbaycanda əhalinin orta yaş həddinin artması nəticəsində ürək çatışmazlığı halları da artıb: “Belə ki, əgər Avropada 70 yaşdan yuxarı əhali arasında ürək çatışmazlığı 10% təşkil edirsə, bu rəqəm Azərbaycanda 70 yaşdan yuxarı əhali arasında 12-13 faizdir. Ölkədə hər 1000 nəfərə 4 kəskin koronar sindromlu xəstə düşür. Əgər bu xəstələr xəstəxanalarda lazımi müalicə olunduqda, şuntlama və digər əməliyyatlar həyata keçirilərsə ölüm halı 1% olar, əks halda bu rəqəm 3-4% təşkil edir”.
Ürək qüsuru ilə doğulan uşaqların sayı artıb.

İlahə