Uran çıxarılan ölüm vadisi – Butuqıçaq düşərgəsi Hitlerin konslagerlərindən də dəhşətli olub

Uran çıxarılan ölüm vadisi – Butuqıçaq düşərgəsi Hitlerin konslagerlərindən də dəhşətli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölüm vadisi” – bu məkan 18 il ərzində 380 min insanın həyatına son qoyub, on minlərlə insanı ömürlük əlil edib. Butuqıçak islah-əmək düşərgəsi haqqında sovet dövründə mətbuatda bir cümlə belə yazılmayıb. Yalnız 1990-cı illərin əvvəllərində düşərgədə baş verən dəhşətlər haqqında kütləvi informasiya vasitələrində araşdırma yazıları ictimaiyyətə təqdim edilib.

Sovet geoloqları bir neçə illik kəşfiyyat işlərindən sonra, 1936-cı ildə Maqadan vilayətində uran yataqları aşkar edəndə, Mərkəzi Komitədə bu yataqların istismarı ilə bağlı xüsusi qərar hazırlanıb. Qərarın bəndlərindən biri də Butuqıçaq mədənlərinin ərazisində eyni adlı islah-əmək düşərgəsinin yaradılması olub və 1937-ci ildə sonralar “ölüm vadisi” adlandırılan düşərgə ilk “sakin”lərini qəbul edib.
Düşərgənin fəaliyyəti tam məxfi saxlanılıb və yerləşdiyi Aşağı Butuqıçaq qəsəbəsi qapalı zona elan edilib. Qəsəbə “NKVD” əməkdaşlarının nəzarətinə götürülüb. Uran mədənlərinə könüllü işləməyə gələnlərdən də məxfiliyin qorunması haqqında iltizam alınıb.

CZMFP0pWcAAvkYO.jpg (120 KB)

Mədənlərdə könüllü işləyənlərin iş saatı dörd saatdan ibarət olub. Düşərgədə saxlanılan məhbuslar isə uran yataqlarında 12-14 saat işləyiblər. Könüllü işə gələnlər yüksək əmək haqqına görə Maqadana üz tutublar. Ancaq onların əksəriyyətinə qazandıqları pulu xərcləmək qismət olmayıb. Belə ki, 20-30 iş günündən sonra onlar xüsusi müalicə müəssisələrində şüa xəstəliklərindən həyatlarını itiriblər. 4 saat işləyənlərin səhhətində belə problemlərin yarandığı halda 12-14 saat işləyənlərin səhhətinin necə olduğunu, yəqin ki, anlamaq çətin deyil. Məhbuslar elə yataqlarda, iş başında ölüblər.
Mədənlərdə işlər əsasən əllə görülüb, texnika yox dərəcəsində olub. Heç bir təhlükəsizlik tədbiri həyata keçirilməyib.

Məhbusların saxlanılma şəraiti və iş rejimi o dərəcədə ağır və dözülməz olub ki, intihar hadisələri adi hala çevrilib.

Butugycheg_mine.jpg (115 KB)

Butuqiçaqda gündə 100 ton uran filizi istehsal etmək gücündə olan hidrometallurgiya zavodunun tikintisinə başlananda məhbusların sayı artırılıb. 30 nəfər üçün nəzərdə tutulmuş kameralarda 120-150 nəfər saxlanılıb. Bu cür şəraitdə məhbuslar normal yuxu ala bilməyiblər.

Məhbusların qida rasionu almanların əsir düşərgələrindəki qida rasionundan qat-qat aşağı səviyyədə olub. Menyu əsasən tərəvəz tullantılarından hazırlanmış şorbalardan və 250 qram çörəkdən ibarət olub.
Butuqıçaq düşərgəsi bəlkə də dünyada yeganə düşərgə olub ki, burada tibb xidməti fəaliyyət göstərməyib. Bu düşərgədə saxlanılanlar ən adi xəstəliklərdən ölüblər. İş qabiliyyətini itirənlər isə düşərgə nəzarətçiləri tərəfindən güllələniblər.

1389820816_kolyma_detail.jpg (126 KB)

Butuqıçaq dəhşətlərindən biri də burada saxlanılan məhbusların üzərində aparılan sınaqlarla bağlıdır. Hər iki-üç aydan bir Butuqıçağa Moskvadan bir qrup həkim ezam olunub. Onlar məhbusların beyinlərində sınaq aparıblar. Araşdırmaçı Viktor Zelnov bu sınaqlar haqqında yazıb:
“Həkimlərin məhbuslar üzərində apardıqıarı sınaqlar cinayət əməlidir. Bu sınaqlar məxfi saxlanılıb. Butuqıçaqdan sağ çıxa bilənlər bu sınaqlar haqqında dahşətli faktlar açıqlayıblar. Belə ki, həkimlər öz “eksperimentləri” zamanı ən adi keyidicilərdən belə istifadə etməyiblər. Kəllə sümüyü adi mişarla kəsilib. Bu cür sınaqların keçirilməsinin kim tərəfindən tapşırıldığı da məlum olmayıb. Bəzi mənbələrə görə, İosif Stalin də bu vəhşiliklərdən xəbərsiz olub. Düşərgənin növbətçi əməkdaşlarından biri həkim cəlladlıqları haqqında Moskvaya məktub göndərmək istəyəndə “NKVD” əməkdaşlarının əlinə keçib və o, dərhal güllələnib. Belə bir versiya da var ki, bu sınaqlar Beriyanın tapşırığı ilə keçirilib, “NKVD” şefi beyin mərkəzi yaratmağı planlaşdırıb…”

248596261.jpg (155 KB)

Stalinin vəfatından sonra Butuqıçaq düşərgəsinin fəaliyyətini Nikita Xruşov bir neçə dəfə Mərkəzi Komitənin iclasında müzakirə mövzusuna çevirib. Bu düşərgədə baş verən hadisələri Stalin rejiminin ən sərt və ən amansız səhifələrindən biri adlandırıb.

1956-cı ildə düşərgənin fəaliyyəti tam dayandırılıb. Maraqlı məqamlardan biri də odur ki, hələ 1953-cü ildə, Stalinin vəfatından bir neçə gün sonra düşərgə ilə bağlı sənədlərin təxminən yarıdan çoxu yoxa çıxıb.

163995176.jpg (100 KB)

Sonrakı araşdırmalar nəticəsində düşərgədə ölənlərin, öldürülənlərin tam dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb. Həmçinin düşərgədə ölənlərin bir çoxlarının adı və soyadı da bilinməyib.

1990-cı illərdən sonra Butuqıçaq düşərgəsi haqqında geniş yazılar mətbuata çıxanda, alman jurnalistləri bu düşərgəni nasist düşərgələri ilə müqayisə edərək Hitleri mərhəmətli, fürerin əsir düşərgələrini isə “tam şəraitli sığınacaq” adlandırıblar.

13_big (1).jpg (137 KB)

İlham Cəmiloğlu