İki ayrı maddə üzrə haqqında cərimə protokolu yazılan “Holcim” (Azərbaycan) şirkətinə məxsus “Unikal Sement” MMC ilə bağlı da protokol imzalanıb. Bununla “Holcim” şirkətinə 3 fərqli maddə ilə iş başladılıb.
Tribunainfo.az xəbər verir ki, “Unikal Sement”-in İnzibati Xətalar Məcəlləsinin sığorta qaydaları əleyhinə olan 464-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“Unikal Sement”lə bağlı işə 5 noyabr tarixində Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Zamin İbrahimovun icraatındadır.
Qeyd edək ki, bu ay ərzində “Unikal Sement”in də daxil olduğu “Holcim” (Azərbaycan) şirkəti ilə bağlı Qaradağ rayon məhkəməsində də iki prosesə baxılacaq. Şirkət bundan əlavə İXM-nin 430.4 və 233.1-ci maddələrini də pozub.
Qeyd edək ki, “Holcim” (Azərbaycan) ASC 1999-cu ildən Azərbaycanda fəaliyyətə başlayıb. Şirkətin Baş Didektoru Xalid Samaka, Texmiki direktoru Əli Hüseynovdur.
Tərəfləri dinləməyə hazırıq.
Gülşən İbrahim