Bu gün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Ümumdünya İmmunitet Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.
Bu gün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Ümumdünya İmmunitet Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.
Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev tədbirdə çıxış edərək bilidib ki, uşaqlar cəmiyyətin barometridir: “Əbəs yerə deyil ki, onların sağlamlıq vəziyyəti, yaşı, təhsili və s. ölkənin əsas demoqrafik göstəricilərdən sayılır. Ona görə də uşaqların sağlamlığının qorunmasına, o cümlədən onların dispanserizasiyadan keçirilməsinə diqqət göstərilməsi əsas məsələlərdən biridir”.
TİA.AZ xəbər verir ki, 1 mart – Ümumdünya İmmunitet günü ilə əlaqədar təşkil olunan tədbirdə çıxış edən baş pediatr 2013-cü ildə qəbul edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrdən danışarkən deyib: “Həmin proqrama uyğun olaraq körpə doğulandan 1 yaşına qədər ayda iki, 2 yaşına qədər rübdə bir, 2-3 yaşlarında altı aydan bir, 3 yaşından sonra ən azı ildə bir dəfə kompleks müayinələrdən keçirilməlidir. Bu, dövlətin uşaq sağlamlığına göstərdiyi qayğının ifadəsidir”.
N.Quliyev hazırda ölkə sakinlərinin 2,8 milyondan çoxunu 18 yaşına qədər olan uşaqlar təşkil etdiyini və onların sağlamlığının etibarlı şəkildə qorunduğunu söyləyərək aparılan müayinələrin başlıca məqsədinin xəstəlikləri erkən aşkara çıxarılması, uşaqların normal fiziki inkişafı və vaxtında profilaktik, diaqnostik və müalicə-sağlamlıq tədbirlərinin görülməsidir. Baş pediatr aparılan dispanserizasiya nəticəsində ən çox qurd invaziyaları və tənəffüs xəstəliklərinə təsadüf edildiyini də dedi. Professor N.Quliyev bəzi valideynlərin vaksinasiya aparılmasına biganə münasibətindən danışarkən deyib: “Kaş hər bir ailə dövlətin göstərdiyi qədər uşaqlara qayğı göstərəydi”.
Yasamal rayonundakı 5 nömrəli uşaq poliklinikasının baş həkimi Adilə Hüseynova öz çıxışında bildirib ki, rayonda 56,5 min uşaqdan 54 mindən çoxunun müayinədən keçdiyini və onların 8 faizində xəstəlik aşkar edilib. Rayonda uşaqlar arasında ən çox rast gəlinən kariyes, ikinci yerdə oftalmoloji, sonrakı yerlərdə anemiya, sinir sistemi, sümük-əzələ xəstəlikləri olduğunu vurğulayıb.
NİLUFƏR