Ümumdünya Diabetlə Mübarizə Günü – İnsulin nə zaman yaradıldı?

Ümumdünya Diabetlə Mübarizə Günü – İnsulin nə zaman yaradıldı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 14-ü Ümumdünya Diabetə Qarşı Mübarizə Günüdür.

Tribuna xəbər verir ki, bu gün 1991-ci ildən etibarən Dünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə hər il qeyd olunur.

2007-ci ildən həmin gün BMT-nin himayəsi altında keçirilir. 2006-cı ildə isə BMT Baş Assambleyası şəkərli diabetlə bağlı qətnamə qəbul edib. Qətnamənin qəbul edilməsində məqsəd ictimaiyyəti xəstəliyin yaranma səbəbləri, əlamətləri, fəsadları, müalicəsi və profilaktikası barədə məlumatlandırmaq, inkişafının qarşısının alınması yollarını araşdırmaqdır.

 

1922-ci ilin yanvarında Frederik Bantinq ilk dəfə insulinin inyeksiyasını şəkərli diabetin ağır formasından əziyyət çəkən 14 yaşlı oğlana vuraraq onun həyatını xilas edib. O, bundan sonra ixtira etdiyi insulinə patent almaq hüququnu Toronto Universitetinə verib. Həmin ilin axırlarında yeni preparat dərman bazarına çıxarılıb.

 

Frederik Bantinqin Con Makleodla birlikdə ixtira etdiyi hormon milyonlarla diabet xəstəsinin həyatını xilas edib. Şəkərli diabet indi də sağalmayan xəstəliklər sırasına daxil olsa da, insulinin hesabına onu nəzarətdə saxlamaq mümkündür. 1923-cü ildə biokimya və təbabət sahəsində Bantinq və Makleoda Nobel mükafatı verilib.

 

Şəkərli diabet orqanizmdə bəzi mübadilə proseslərinin pozulması nəticəsində qanda şəkərin normadan artıq və ya bəzən də az olmasıdır. Tam müalicə olunmadığına görə həmin xəstələr daim ciddi nəzarət altında olmalı, müəyyən qayda və qadağalara riayət etməlidirlər. Elə buna görə də bəzən şəkərli diabet xəstəlik yox, həyat tərzi hesab edilir.

 

Günün qeyd edilməsi diabet xəstəliyi ilə bağlı qlobal məlumatlılığı artırmaq və bu xəstəliklə mübarizə yollarını axtarmaq məqsədi daşıyır.

 

Hazırda şəkərli diabet ateroskleroz və xərçənglə yanaşı dünyada ən çox əlilliyə və ölümə səbəb olan ilk üç xəstəlikdən biri hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Diabet Federasiyasının son hesablamalarına görə, şəkərli diabet qlobal ölüm hallarının təxminən 9 faizindən çoxuna səbəb olur və ölüm riskini 2-3 dəfə artırır. Xəstəlik yayılma miqyasına görə də öz aktuallığını qorumaqda davam edir.

 

Əgər 1980-ci ildə şəkərli diabetdən cəmi 108 milyon nəfər əziyyət çəkirdisə, 2014-cü ildə bu rəqəm 422 milyona çatmışdı. 2025-ci ilin məlumatlarına görə isə dünyada artıq 589 milyon yetkin insan şəkərli diabetlə yaşayır. Bu, planetdə hər 9 yetkindən birinin diabet xəstəsi olması deməkdir. Bundan əlavə, 252 milyon insan xəstəliyə sahib olduğunu bilmədən yaşayır ki, bu da diaqnostikanın əhəmiyyətini bir daha ortaya qoyur.

 

Xəstəliyin risk qrupuna əsasən 24-60 yaş arası insanlar daxildir və diabetin artım sürəti daha çox azhərəkətli həyat tərzi, qeyri-düzgün qidalanma, artıq çəki və stresslə əlaqələndirilir. Bu gün də əvvəlki illərlə müqayisədə diabetin artmasına təsir edən tibbi meyarlar dəyişib. Əvvəllər qanda qlükozanın miqdarı 1 litrdə 6,6 millimoldan yuxarı olduqda diabet hesab edilirdisə, hazırda normanın 3,3–5,5 millimol arasında qəbul edilməsi xəstəliyin daha geniş şəkildə qeydə alınmasına səbəb olur.

 

Eyni tendensiya Azərbaycanda da müşahidə edilir. Ölkəmizdə şəkərli diabetin əsas səbəbləri az hərəkətlilik, qeyri-düzgün qidalanma, artıq çəki və stres hesab olunur. Hazırda Azərbaycanda şəkərli diabet xəstələrinin sayı təxminən 300 min nəfərə yaxındır və bu rəqəm ildən-ilə artmaqdadır.

 

İlkin diaqnostikanın gücləndirilməsi, yaşam tərzinin dəyişdirilməsi və sağlam qidalanma diabetlə mübarizənin əsas istiqamətləri olaraq qalır. 2025-ci ilin statistikası göstərir ki, şəkərli diabet təkcə tibbi yox, həm də sosial-iqtisadi problemə çevrilib və ciddi profilaktik tədbirlərin vacibliyini gündəmə gətirir.

 

Firuzə Əliyeva
Sfera.az