İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında keçirilən danışıqların ikinci raundunda yeni əsir mübadiləsi ilə bağlı razılıq əldə olunub.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri, müdafiə naziri Rustem Umerov Rusiya nümayəndə heyəti ilə görüşdən sonra jurnalistlərə açıqlama verib.
“Əsir mübadiləsi ilə bağlı razılığa gəldik. Tezliklə təfərrüatları açıqlayacağıq”, – deyə Umerov bildirib.
Onun sözlərinə görə, görüş zamanı əsas diqqət ağır xəstə əsirlərin və həlak olmuş hərbçilərin cəsədlərinin dəyişdirilməsinə yönəlib. Gənc əsgərlərin mübadiləsi məsələsi də müzakirə olunub.
Umerov bildirib ki, Ukrayna bütün əsirlərin azad olunmasında və qaçırılmış uşaqların geri qaytarılmasında israrlıdır.
“Əsir mübadiləsində konkret kateqoriyalara fokuslanmaq barədə razılığa gəldik. Ağır yaralanan və ağır xəstə olan əsirlərin ‘hamını hamıya’ prinsipi ilə dəyişdirilməsi razılaşdırılıb. İkinci kateqoriya isə 18-25 yaşlı gənc əsgərlərdir. Bundan əlavə, 6000 həlak olmuş əsgərin meyitinin qarşılıqlı qaytarılması barədə də razılıq əldə olunub”, – deyə o vurğulayıb.
Bundan əlavə, Ukrayna tərəfi Rusiyaya deportasiya olunmuş yüzlərlə ukraynalı uşağın siyahısını təqdim edib.
Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəis müavini Vadim Skibitski də bildirib ki, əsir mübadiləsi məsələsində yeni irəliləyiş əldə olunub:
“Bu, ‘hamını hamıya’ adlı formula üzrə aparılacaq. Bu gün geri qaytarılacaq iki kateqoriya üzrə razılıq əldə olunub. Müvafiq mexanizmlər müəyyən edilib və ilkin vaxtlar razılaşdırılıb. Əvvəlimizdə çox çətin işlər var: kateqoriyaların müəyyənləşdirilməsi, heç kimin unudulmaması, yoxlanılması və s.”
Daha öncə, Ukrayna Prezidenti Volodimir Zelenski də 2 iyun tarixində İstanbulda nümayəndə heyətlərinin Türkiyə vasitəsilə sənədlərlə qarşılıqlı şəkildə tanış olduqlarını və Ukraynada yeni əsirlərin azadlığına hazırlıq getdiyini bildirmişdi.
İmran Kərimli