2024-cü ildə Ukrayna müdafiəsinin əsas silahı sürətli, çevik və yemək boşqabı boyda olan dronlar olub.
Tribunainfo.az The Wall Street Journal-a istinadla xəbər verir ki, bu dronlar Rusiyanın genişmiqyaslı quru hücumlarına qarşı effektiv mübarizə vasitəsinə çevrilib.
2025-ci ildə isə döyüş meydanında “qatil robotlar” peyda ola bilər; burada kompüterlər uçuşlarda və hədəfə yönəltmədə insanları daha çox əvəz edəcək. Bu cür avtomatlaşdırma Ukraynaya Qərb tərəfdaşlarından silah tədarükünün azalması fonunda, sayca daha çox olan düşmənlə effektiv mübarizə aparmağa kömək edə bilər.
Bununla belə, əsas diqqət insan nəzarətinin saxlanılmasına yönəlib. “İllərdir ki, avtonom avtomobillər yaratmağa çalışırıq, amma hələ də sürücülərimiz var”, – deyə dron texnologiyaları inkişaf etdirən Sine.Engineering şirkətinin strategiya direktoru Andrey Zvirko bildirib.
Ukrayna şirkətləri dronların idarə edilməsini asanlaşdırmağa yönəlmiş tədrici innovasiyalar tətbiq edir. Bu yanaşma, operator üçün tələb olunan bacarıq səviyyəsini aşağı salmaqla yanaşı, effektivliyi də artırır. Eyni prinsip aviasiya, avtomobil istehsalı və elektron ticarət kimi digər sahələrdə uzun müddətdir istifadə olunur.
Ukrayna dronların avtomatlaşdırılmasının tədrici tətbiqi üçün on səviyyəli sistemdən istifadə edir. Artıq kompüter görmə sistemi ilə avtonom hədəfə yönəlmə qabiliyyətinə malik modellər mövcuddur.
Brave1 platformasının süni intellekt şöbəsinin rəhbəri Maks Makarçuk bildirib:
“Biz texnologiyaları tədricən tətbiq edirik, yalnız praktiki faydalılığını təsdiqlədikdən sonra onları kütləvi istehsalata uyğunlaşdırırıq”.
2024-cü ildə Ukrayna bir milyondan çox kiçik dron istehsal edib və onlar cəbhədə əsas alətə çevriliblər. Onların əksəriyyəti FPV dronlarıdır ki, operatorlar tərəfindən video siqnal ötürən xüsusi eynəklərlə idarə olunur. Bu cihazlar partlayıcı maddələri 20 kilometrə qədər məsafəyə çatdıraraq hədəfə zərbə endirə bilir.
Lakin əsas maneələr arasında Rusiyanın radioelektron mübarizə vasitələri var ki, bu da idarəetmə siqnallarını sıxışdırır və dronların yönəldilməsinə mane olur. Sine kimi Ukrayna startapları bu problemlərin həlli üzərində işləyir. Məsələn, şirkət çoxkanallı rabitə vasitəsilə maneələrdən avtomatik qaçan modul hazırlayıb.
Sine tərəfindən hazırlanmış digər bir texnologiya isə GPS olmadıqda belə, dronların yerini dəqiq müəyyən etməyə imkan verən naviqasiya sistemidir. Bu sayədə pilotlar aktiv radioelektron mübarizə şəraitində belə işləyə bilir.
Sine və digər şirkətlər tərəfindən tətbiq olunan təkmilləşdirilmiş texnologiyalar operatorlar üçün tələb olunan hazırlıq səviyyəsini aşağı salır və döyüş əməliyyatlarının effektivliyini artırır. Öz-özünü yönəldən sistemlərin inteqrasiyası eyni zamanda bir operatora bir neçə dronu idarə etməyə imkan verir ki, bu da idarəetmə prosesini əhəmiyyətli dərəcədə asanlaşdırır.
Şirkətin həmtəsisçisi Andrey Çulik qeyd edir:
“Burada gördüyümüz bütün işlər istifadəçilər üçün tələbləri azaltmağa yönəlib”.
Ukrayna müharibəsi hava, yer və hətta dəniz vasitələrindən geniş istifadə ilə seçilən ilk müharibə olub. Ukrayna belə sistemlər vasitəsilə düşmən piyada qüvvələrini, texnikalarını və gəmilərini məhv edib.
Ukraynada hətta Pilotsuz Sistemlər Qüvvələri yaradılıb. Bu qoşun növünün komandiri Ukraynanın Qəhrəmanı Vadim Suxarevskidir. Hərbçi Rusiya-Ukrayna müharibəsi tarixində 2014-cü ilin aprelində Slavyansk yaxınlığında Rusiya döyüşçülərinə ilk dəfə atəş əmri verən Ukrayna Silahlı Qüvvələrinin zabiti kimi tanınır.
Ukrayna istehsalçıları bu sahəni fəal şəkildə inkişaf etdirirlər. Məsələn, Ukraynada radioelektron mübarizə vasitələrini keçə bilən optik lif bağlantısı olan yeni PUA-ların sınaqları başa çatıb.