Zənn edirdim ki, Ukrayna əsgərlərinin Rusiyanın Kursk vilayətinə daxil olması reyd xarakterlidir. Lakin görünən odur ki, bu, xüsusi hərbi əməliyyatdır.Tribunainfo.az zəbər verir ki, bu barədə danışan politoloq Şahin Cəfərlinin sözlərinə görə, Ukrayna siyasi-hərbi rəhbərliyi bu əməliyyatda 2 məqsəd güdə bilər:
“Birincisi, Rusiya komandanlığını Donbasdakı qüvvələrinin bir qismini Kursk yanğınını söndürmək üçün geri çəkməsinə nail olmaq. (Hazırda Donbasda – Pokrovsk istiqamətində Ukrayna üçün mürəkkəb vəziyyət yaranıb. Rusiya komandanlığı bu istiqamətdə ciddi perspektiv görərək rezervlərini buraya yönəldir və Ukrayna müdafiəçiləri üzərində təzyiqi hər gün artıraraq irəliləyir).
İkincisi, Rusiya ərazilərinin bir qismini, o cümlədən Kurskdakı strateji obyektləri (Sudja qazölçmə stansiyasından əlavə Kursk AES) ələ keçirərək orada möhkəmlənmək və beləliklə, danışıqlar masasında əlini gücləndirmək. Bu, çox çətin vəzifədir və müxtəlif amillərdən, o cümlədən Ukraynanın bu əməliyyata nə qədər qüvvə cəlb etməsindən asılıdır. Rusiya hazırda itirdiyi əraziləri (təxminən 350 kv km olduğu deyilir) geri almaq üçün bütün gücünü səfərbər edir.
Müharibənin gedişatını dəyişdirmək üçün Ukrayna tərəfindən qeyri-standart addımlara ehtiyac var və Kursk əməliyyatı bu tip addımlardan biridir. Nəticələri necə olacaq, onu demək çətindir. İzləyib, görəcəyik”.
Nigar