Ukraynada strateji əhəmiyyətə malik Pokrovsk şəhərinə nəzarət uğrunda döyüşlər daha da gərginləşir.
Tribunainfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, son həftələrdə Rusiya bölmələri Pokrovskın özünə daxil olmağa başlayıb və şəhərdəki Ukrayna qüvvələrinin təminatı üçün istifadə olunan son təchizat yollarını kəsiblər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna xüsusi təyinatlıları helikopterlə Pokrovskın şimal-qərb kənarına eniş edib. Bildirilir ki, Rusiya tərəfindən 11 hərbçi öldürülüb.
Lakin Ukrayna kəşfiyyatındakı mənbə CNN-ə bildirib ki, bu məlumat həqiqətə uyğun deyil. Mənbənin sözlərinə görə, Pokrovskda vəziyyətin sabitləşdirilməsi üzrə işlər Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin rəhbəri Kirill Budanovun nəzarəti altında davam edir.
Hazırda Pokrovskda döyüşən Ukrayna hərbçisi də The Telegraph nəşrinə “Qara Şahin” xüsusi əməliyyatının başlandığını təsdiqləyib və adının açıqlanmamasını xahiş edib.
Hərbçinin sözlərinə görə, əməliyyat yəqin ki, “nəticə əldə ediləcəyini gözləməyə imkan verəcək qədər resurs toplandıqdan sonra” başlayıb.
O, Rusiyanın Ukrayna qüvvələrini tam mühasirəyə almadığına əmin olduğunu bildirib və qeyd edib ki, bu cür əməliyyat üçün pilotsuz uçuş aparatları ilə sadəcə “atəşə nəzarətdən” əlavə tammiqyaslı qoşun köçürülməsi tələb olunur.
Ukrayna Silahlı Qüvvələrinin 7-ci hava-desant korpusu da Pokrovsk rayonu istiqamətində uğurlu eniş haqqında məlumat yayıb. “Bu, müxtəlif bölmələrin sinxron fəaliyyətini tələb edən çətin əməliyyat idi”, — açıqlamada qeyd olunub.










