24 avqustda Ukrayna müstəqilliyinin elan olunmasının 34-cü ildönümünü qeyd edir.
Tribunainfo.az xəbər verir ki, bu bayram, 24 avqust 1991-ci ildə Ukrayna SSR Ali Radasının qəbul etdiyi “Ukraynanın Müstəqilliyi Aktı”na əsaslanır. Sənəd ölkənin yeni siyasi-hüquqi statusunu təsbit edib. Bu statusu 1991-ci il 1 dekabrda keçirilən ümumxalq referendumu da rəsmiləşdirib – həmin vaxt 90,32% vətəndaş müstəqilliyi dəstəkləmişdi.
Bu il Ukrayna ən böyük milli bayramını artıq dördüncü dəfə Rusiya tərəfindən aparılan genişmiqyaslı müharibə şəraitində qarşılayır.
Prezident Volodimir Zelenskiy Kiyevdə, Maidan Nezalejnostidən xalqa müraciət edib. O bildirib ki, bu meydandakı hər bir simvol Ukraynanın müstəqilliyindən xəbər verir:
“Biz elə bir Ukrayna qururuq ki, gücü və qüdrəti ona təhlükəsizlik və sülh içində yaşamağa imkan verəcək. Elə bir Ukrayna ki, bu meydanda – Müstəqillik Meydanında – övladlarımız və nəvələrimiz öz bayraqları altında Müstəqillik Gününü qeyd etsinlər. Sülh içində, əmin-amanlıqda, gələcəyə inamla və bu müharibədə Ukraynanı qoruyan, dözən və qalib gələn hər kəsə minnətdarlıqla”, – deyə Zelenskiy vurğulayıb.
Prezident qeyd edib ki, bu məqsəd uğrunda yaşamaq və dayanmaq lazımdır.
Silahlı Qüvvələrin Baş Komandanı Sırski: “Ən yaxşı təminat – ordumuzdur”
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski də Müstəqillik Günü münasibətilə xalqa müraciət edərək bildirib:
“Ukraynalılar 34-cü Müstəqillik ildönümünü əzəli düşmənlə döyüş meydanında qarşılayır. Artıq 12 ildir azadlığımız uğrunda mübarizə aparırıq, 4 ildir genişmiqyaslı işğala qarşı dayanırıq. Ukrayna xalqı heç vaxt təslim olmayacaq və müstəqilliyini əldən verməyəcək”.
Onun sözlərinə görə, bu gün ukraynalılar öz qəhrəmanlarının qan və can bahasına əldə etdiyi dövlətçilik yolunu davam etdirir:
“Həqiqi müstəqillik güclü və müasir ordu olmadan mümkün deyil. Xalqın azad yaşamaq haqqı uğrunda ordumuz böyük qiymət ödəyir. Hər bir şəhidimizi xatırlayırıq… Sıraları qoruyan və irəli gedən, azadlıq uğrunda vuruşan, müdafiəmizi gücləndirən hər kəsə təşəkkür edirəm. Əminəm ki, biz müstəqilliyimizi qoruyacağıq. Onun ən yaxşı təminatı bizim ordumuzdur – hər bir igid əsgər, çavuş və zabit”, – deyə Sırski bildirib.
İmran Kərimli