Avropa çempionatının açılış matçında Ukrayna millisinin Rumıniya yığmasına 0:3 hesabı ilə uduzması hazırda müharibə edən və üstəlik, ön cəbhədə canlı qüvvəyə ehtiyacı olan ölkədə ciddi narazılıqla qarşılanıb.
Tribunainfo.az xəbər verir ki, Ukraynadakı bu mövzuda qızğın müzakirələrlə bağlı Rusiyanın “Arqumentı i faktı”nəşri yazır.
Bildirilir ki, heyətində “Çelsi”, “Real”, “Arsenal”, “Everton”, “Valensiya” və digər Avropa klublarının futbolçularının yer aldığı Ukrayna millisinin bu cür uduzması ciddi tənqidlərə tuş gəlib. Sosial şəbəkələrdə “məsuliyyətsiz futbolçuların” cəzalandırılmasının vacibliyi vurğulanır.
Rumınlarla oyun ərəfəsində Almaniyanın “Suddeutsche Zeitung” nəşri yazıb ki, müharibə edən ölkənin milli komandasının böyük əksəriyyəti orduya cəlb edilməli olduğu halda onlara güzəşt edilir:
“Hazırkı Ukrayna millisinin demək olar ki, yarısı Avropa klublarında oynayır və buna görə də son dərəcə imtiyazlı vəziyyətdədi. Halbuki 18-60 yaş arası ukraynalı kişilərin hərbi vəziyyət dövründə ölkədən çıxması ümumiyyətlə qadağandır”.
Kiyev “Dinamo”sunun azarkeşləri isə milli komanda oyunçularının məğlubiyyətini hazırda qızğın döyüşlərin getdiyi Çasov Yar xarabalıqlarını ilə müqayisə edərək, “amma hər bir döyüşçü şəhərin müdafiəsində dayanır və həmişə futbolçulardan yüksəkdə olacaqlar” deyə, rəylər yazıblar.
Rumıniya komandasına məğlubiyyətindən sonra futbolçuların hərbi komissralığın əməkdaşlarına təhvil verilməsi ilə bağlı tələblər də artıb. Çünki futbolçuların Ukrayna Silahlı Qüvvələrinin sıralarına cəlb olunmasında qeyri-adi heç nə yoxdur. Bəs, Ukrayna millisindən kimlər cəbhə zonasına göndərilə bilər?
22 yaşlı qapıçı Anatoli Trubin, müdafiəçilər Efim Konople (24 yaş), Maksim Taloverov (23 yaş), İlya Zabarnı (21 yaş), yarımmüdafiəçilər Georgi Sudakov (21 yaş) və Vladimir Brajko (22 yaş), Mixail Mudrik (23 yaş), eləcə də 22 yaşlı hücumçu Vladislav Vanat. Digər bütün ukraynalı futbolçular, o cümlədən 50 yaşlı məşqçi Sergey Rebrov səfərbərlik üçün yaş meyarlarına cavab verir.
2023-cü ilin payızında Ukrayna İdman Nazirliyinin ölkəyə qayıtmaq tələbini pozan idmançıların siyahısında milli komandada oynayan Mudrik, Zabarnı, Trubin, həmçinin 26 yaşlı hücumçu Artyom Dovbikin adı vardı. Ukrayna millisinin heyətində Kiyev “Dinamo”sunun 6, “Şaxtyor”un 5, “Dnepr-1”in isə 1 futbolçusu yer alıb. “Onların hamısı “Ukrayna iqtisadiyyatının fəaliyyəti üçün kritik əhəmiyyətli təşkilatlar” kimi tanınan klublarda oynayırlar, o səbəbdən səfərbərlikdən azaddırlar” deyə, nəşr yazır.
Bu arada zarafatları ilə tanınan “Panorama” portalı biabırçı hesabla uduzan ukraynalı futbolçuların “məktubunu” dərc edib:
“Belə şərtləri və ilk matçın məyusedici nəticələrini nəzərə alsaq, gələcəyimizi Ukraynada görmürük. 2010-cu il dünya çempionatından sonra heç kim KXDR milli futbol komandasını görməyib və biz geri dönsək, bu insanların taleyini təkrarlamaq riskini daşıyırıq”.