Rusiya Federasiyasının Kursk vilayətində cəbhəyə göndərilən Şimali Koreya qoşunları Ukrayna Müdafiə Qüvvələri ilə döyüşdə ilk itkilərini verib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Adı açıqlanmayan ukraynalı rəsmi bildirib ki, qızğın döyüşlər olmayıb və ehtimala görə, Ukrayna Silahlı Qüvvələrinin müdafiəsində zəif cəhətləri aşkar etmək məqsədi daşıyıb. O qeyd edib ki, KXDR əsgərləri Rusiyanın 810-cu əlahiddə dəniz piyada briqadası ilə birgə döyüşüb.
NYT yazır ki, hərbi toqquşmanın nə vaxt baş verdiyi hələ məlum deyil. Ukrayna rəsmisi itkilər barədə heç bir məlumat verməyib. Eyni zamanda, anonim bir amerikalı rəsmi qeyd edib ki, xeyli sayda Şimali Koreya hərbçisi öldürülüb.
Nəşrin yazdığına görə, Rusiya Federasiyasına göndərilən KXDR ordusunun əsas hissəsi hələ döyüş əməliyyatlarında iştirak etməsə də, Qərb və Ukrayna rəsmiləri onların döyüş meydanında görünməsini “əhəmiyyətli eskalasiya” adlandırıblar.
Ukrayna rəsmisi bildirib ki, qüvvələrin əhəmiyyətli bir hissəsi yaxın günlərdə döyüşə girə bilər. O əlavə edib ki, KXDR qoşunları iki hissəyə bölünüb – biri desantçılardan, digəri isə geri alınan ərazilərin müdafiəsini təşkil edəcək dəstək qoşunlarından ibarətdir.
Noyabrın 5-də Ukraynanın müdafiə naziri Rustem Umerov Rusiya tərəfində vuruşan KXDR əsgərləri ilə ilk hərbi toqquşma barədə məlumatı təsdiqləyib.