Ukrayna Kurskda irəliləyir-Seym çayı üzərindəki ikinci körpü də dağıdıldı – VIDEObackend

Ukrayna Kurskda irəliləyir-Seym çayı üzərindəki ikinci körpü də dağıdıldı – VIDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna qoşunları avqustun 18-də Kursk vilayətində bütün cəbhə xətti boyunca irəliləməkdə davam edib və Sudja şəhərinin cənub-şərqinə doğru nəzarət zonasını genişləndirib.

“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) son hesabatında bunu təsdiqləyib. Hərbi analitiklər bir gün əvvəl yayılan geolokasiya videolarındakı görüntüyə görə, Rusiya qoşunlarının Martınovkanın şimalında (Sudjanın şimal-şərqində) Ukrayna zirehli transportyorunu vurduğunu qeyd edirlər. Bu isə o deməkdir ki, Ukrayna qoşunları həmin istiqamətdə irəliləyiblər və Martınovkanı keçiblər.

Avqustun 18-də rusiyalı hərbi bloqerlərdən biri qeyd edib ki, Ukrayna qoşunları Troitskoyeni (Korenevonun cənubunda və sərhəddən təxminən iki kilometr aralıda yerləşir) tutub və Semyonovkaya qədər (Sudjanın şimalında və sərhəddən təxminən 24 kilometr aralıda yerləşir) irəliləyiblər. Avqustun 17 və 18-də yayımlanan geolokasiya görüntüləri göstərir ki, Ukrayna qüvvələri Kursk bölgəsində bütün cəbhə boyu əməliyyatları davam etdirir.

Bu arada o da məlum olub ki, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Qluşkovski rayonunda Seym çayı üzərindəki daha bir körpüyə zərbə endirib. Bu barədə Rusiya və Ukrayna “teleqram” kanalları məlumat yayıb. Ukrayna Silahlı Qüvvələri isə körpünün vurulmasına dair video yayımlayıb.

Rusiyalı hərbi müxbir Yuri Kotenok qeyd edib ki, körpü “HIMARS” raketlərilə vurulub. Rus hərbi bloqerlərin məlumatına görə, atəş nəticəsində Zvannoye kəndindəki bu körpü ciddi zədələnib və hərbi texnikanın keçidi üçün yararsız hala gəlib. Körpüdən yalnız piyada keçmək mümkündür. Bu, Kursk vilayətinin Qluşkovski rayonunda Seym çayı üzərindən keçən və Ukraynanın dağıtdığı ikinci körpüdür. Onların sayı isə cəmi üçdür. Bu körpülər rayonun cənubunu Kurskun qalan hissəsi ilə birləşdirir. Rusiyanın “Mash” kanalı da yazır ki, “Qluşkovo kəndi yaxınlığında cəmi bir körpü qalıb”. Bu isə ərazidəki 2500 nəfərə yaxın Rusiya döyüşçüsünün təchizatını daha da çətinləşdirib və mühasirəyə düşmə riskini kəskin artırıb.

Rusiya Müdafiə Nazirliyi Kursk vilayətində körpülərin dağıdılmasını şərh etməyib.