Ukrayna Krımdakı ən böyük neft bazasını vurdu – İkinci dəfə

Ukrayna Krımdakı ən böyük neft bazasını vurdu – İkinci dəfə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 13-nə keçən gecə Ukraynanın pilotsuz təyyarələri Feodosiyadakı neft bazasına hücum edib.

Tribunainfo.az xəbər verir ki, bunu Krımın Rusiya tərəfindən təyin edilmiş rəhbəri Sergey Aksyonov bildirib.

“Nəticədə yanğın baş verib. Hazırda tələfat yoxdur. Artıq bütün müvafiq xidmətlər hadisə yerindədir”, – o, “Telegram”-da yazıb.

Sosial şəbəkələrdə yayılan videolara görə, neft bazasında baş verən yanğın bir neçə kilometr məsafədən görünüb. Yanğın ən azı üç anbar çənini əhatə edib.

Bu, qısa müddətdə bazaya edilən ikinci hücumdur. Neft bazasına əvvəlki hücum bir həftə əvvəl, oktyabrın 6-na keçən gecə baş verib. Daha sonra yarımadanın hakimiyyət orqanları bir neçə gün ərzində yanğın və onun nəticələri barədə məlumat verməyib. Beş gün ərzində yanğını söndürmək mümkün olmayıb.

Feodosiya neft anbarı Krımın ən böyük neft bazasıdır. O, həm Rusiya donanmasını, həm də quru qüvvələrini təmin edən 250 min tona qədər yanacaq saxlaya bilir.

Oktyabrın 13-nə keçən gecə həmçinin, Simferopol yaxınlığındakı Tavriçeskaya İstilik Elektrik Stansiyası vurulub. Hücumdan sonra zavoddan böyük qara tüstü sütunu qalxıb. Rusiya Müdafiə Nazirliyinin hesabatına görə, gecə ərzində Krım üzərində 40 pilotsuz təyyarə vurulub. Hücum zamanı Simferopolda və Krımın əksər hissəsində mobil internet kəsilib.

Krımın ən böyük neft bazasına bir həftə ərzində ikinci hücum yarımadada artan yanacaq qıtlığı fonunda baş verib. Əvvəlcə yarımadanın səlahiyyətliləri benzin satışını hər alış üçün 30 litrə qədər məhdudlaşdırdı, sonra isə bu limiti 20 litrə endirdi. Həmçinin sentyabrın sonundan Krımda Aİ-92 markalı benzinin qiyməti 1 litr üçün 70 rubl, Aİ-95 markalı benzinin qiyməti 76 rubl, dizelin qiyməti isə 75 rubl müəyyən edilib.

Qeyd olunur ki, Krım və Sevastopolda tədarükün kəsilməsi səbəbindən, Krımın yanacaqdoldurma məntəqələrinin təxminən 50%-i benzin satışını tamamilə dayandırıb.