Ötən gecə Rusiyanın Kaluqa şəhərindəki neftayırma zavodunda güclü partlayışlar baş verib.
Tribunainfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə neft emalı zavodunun ərazisində ciddi yanğın baş verdiyi görünür.
Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa öz “teleqram” kanalında guya hava hücumundan müdafiə qüvvələrinin şəhərin kənarında üç PUA-nı “məhv etdiyini” yazıb. Ancaq həmişəki kimi, “bir PUA-nın qırıntıları əraziyə düşüb və yanğın baş verib: “Sənaye müəssisəsinin ərazisində PUA-nın qalıqlarının düşdüyü yerdə yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və əməliyyat qrupu hadisə yerində işləyir”.
Rusiyanın “teleqram” kanalları yazır ki, yerli sakinlər güclü partlayış səsi eşidib, bundan sonra neft emalı zavodunda yanğın başlayıb.
Qeyd edək ki, Kaluqa şəhəri Ukrayna sərhədindən təxminən 500 kilometrə yaxın məsafədə yerləşir. Bu zərbə göstərir ki, Ukrayna xeyli müddətdir neft emalı zavodlarına qarşı dayandırdığı PUA hücumlarını yenidən bərpa edib.