AŞPA-nın Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz qərar qəbul edərkən dost, tərəfdaş saydığımız Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətlərinin mövqeləri rəsmi Bakı üçün məyusedici oldu. Dost bildiyimiz ölkələrin bu qisas cəhdinin bir parçası olması gözlənilməzdir. Moldova Azərbaycanın əleyhinə səs verdi, Ukrayna və Gürcüstan isə ümumiyyətlə səsvermədə iştirak etmədi.
Bu sözləri Tribunainfo.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev bildirib. O qeyd edib ki, adını çəkdiyi hər üç ölkə – Gürcüstan, Ukrayna və Moldova separatizmdən əziyyət çəkən ölkələrdir:
“Gürcüstan 2008-ci ildə, Ukrayna isə illərdir Rusiya işğalına məruz qalır. Yəni hər üç ölkə həm separatizm, həm də işğal faktoru baxımdan Azərbaycana dəstək olmalı, həmrəylik göstərməli idi.
Bu gün Azərbaycanın ayrı-ayrılıqda hər üç ölkə ilə yüksək səviyyədə münasibətləri var. Rəsmi Bakı Ukraynaya dəfələrlə yanacaq və humanitar yardım göndərib. Özü də bunu Rusiya faktoruna rəğmən edib. Gürcüstan, Moldovaya gəldikdə isə, Azərbaycan bu ölkələrə ucuz mavi qaz satır. Bir çox ölkələrə tətbiq edilən qaz tarifi bu ölkələrə edilmir.
Ukrayna, Moldova və Gürcüstan Azərbaycanın da yer aldığı GUAM təşkilatının üzvləridir. Eyni təşkilatın üzvü olan ölkələrin AŞPA-da rəsmi Bakını dəstəkləməməsi GUAM-dakı münasibətlər fonunda təəssüf doğurur”.
T.Rzayev bildirib ki, dost adlandıra biləcəyimiz üç ölkənin xəyanəti rəsmi Bakının xarici siyasətini yenidən nəzərdən keçirməsini zəruri edir:
“Azərbaycan bu məsələyə görə adıçəkilən ölkələrlə münasibətləri pisləşdirməyəcək, lakin bundan sonra atılacaq addımlarda sözügedən zərbə nəzərə alınacaq”.