Ukrayna itirilmiş ərazilərini geri qaytara bilməyəcək. Tribunainfo.az-a danışan siyasi ekspert Fuad Əliyev bu qənaətə gəlib. Onun zənnincə, Kursk döyüşləri də ərazi mübadiləsi üçün əsas ola bilməz. F. Əliyev hesab edir ki, Donbas Rusiyanın tam nəzarətinə keçəcək və Qərbin hərbi dəstəyi Ukraynanın əks-hücumlarına səbəb olmur: “Bu müharibədə Ukrayna heç nə qazana bilməz. Yaxşısı budur ki, atəşkəs əldə olunsun. O ərazilərdə rus qoşunları möhkəmləniblər. Ukrayna verilən silahlarla ən yaxşı halda müdafiə olunur, bu müddət ərzində bir qarış torpaq azad edə bilməyiblər. Məncə, Zelenski yeni həll planı hazırlandığını deməklə ilin axırına kimi atəşkəs üçün kompromis variant axtarır. O variant ki özü də uduzmuş görünməsin”.
Ekspertə görə, Rusiya şəxsi heyət cəhətdən üstündür, artilleriya və mərmi sayında da Ukraynanı qabaqlayır: “Kiyev nə düşünür? Əgər HİMARS, ATACAMS kimi sistemlər, F-16 kimi qırıcılar da əraziləri geri qaytarmağa kömək etmirsə, o zaman atəşkəs haqda qərar vermək lazımdır. Bu templə Ukrayna ordusu nəticə qazana bilməz”.
Qeyd edək ki, Zelenski Qərb uzaqmənzilli “silahları Rusiya daxilində istifadə etməyə icazə verərsə, müharibə 3 aya bitəcək” deyib.
ABŞ-nin 250 milyon dollarlıq əlavə hərbi yardım paketini açıqladığı sammitdə Qərbdən Ukraynaya daha qəti dəstək addımları tələb edən Zelenski, tələb etdiyi silahların və lazımi icazələrin veriləcəyi təqdirdə müharibənin qış aylarına qədər bitəcəyini iddia edib.
Qərbdən təkcə yeni hava hücumundan müdafiə silahları deyil, həm də yeni uzaqmənzilli raketlər tələb edən Ukrayna lideri Almaniyadan 500 km mənzilli “Taurus”, ABŞ-dən isə 1000 km mənzilli “JASSM” qanadlı raketləri istəyib.
Ağasif