“Rayon Baytarlıq Xidmətinin rəisi Xaləddin Əsgərovun yarıtmaz fəaliyyəti nəticəsində, Ucarda rayonunda heyvanlar arasında kütləvi ölüm halları baş alıb gedir. Nəticədə də fermerlərə, kənd camaatına küllü miqdarda ziyanlar dəyir”. Bunu JAMAZ.İNFO-ya Ucar rayonu, Qazyan kənd sakini Cavid Cəlilov deyib.
O bildirib ki, ailəlikcə qoyuçuluq təsərrüfatı yaradaraq, uzun müddətdir heyvandarlıqla məşğul olurlar. “Dövlət tədbiri adı ilə 2017-ci ildə Ucar rayon Baytarlıq Xidməti tərəfindən qoyunlarımız vaksinasiya olundu. Həmin tədbirdən sonra təsərrüfatımızda yeni doğulmuş, 1, 2 və 3 aylıq kütləvi quzu ölümləri baş verdi. İlkin ölüm zamanı tez Ucar rayon Baytarlıq Xidmətinə məlumat verdik. Həmin İdarənin rəisi Xaləddin Əsgərov və həkimlər gəlib baxış keçirib, müayinə apardılar. Yazdıqları müalicələri etdirdik, məsləhətlərə əməl etdik, ancaq heç bir faydası olmadı. Əksinə təsərrüfatımızda quzu ölümü daha da çoxaldı”.
Onun sözlərinə görə, təkcə, 2017-ci ildə 147 baş quzu ölümü baş verib. 2018-ci ildə isə bu rəqəm 40 başa çatıb. “2019 və 2020-ci ilin yanvar ayında isə 100 baş quzu ölümü baş verdi. Ənənəvi şəkildə Ucar rayon Baytarlıq İdarəsinin rəisi və baytar həkimlər gəlib baxış keçirib, müayinə etdilər, yenə təkrar-təkrar müalicələr edilsə də, heç bir faydası olmadı. Əksinə quzu ölümü daha da çoxaldı”.
Cavid Cəlilov iddia edir ki, baş verənlərin səbəbi Ucar rayon Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərovun savadsızlığı, korrupsiyaya qurşanmasıdır. “Bu adamın belə bir vəzifəni icra etməsi yol verilməzdir. Təsərrüfatımda kütləvi quzu ölümü ilə bağlı Xəzər tv-nin apardığı çəkliş zamanı Xaləddin Əsgərov müsahibə verib, qeyd edir ki, ana qoyunlar kimyəvi dərman, gübrə səpilmiş pambıq sahəsində otarıldığı üçün süd vasitəsi ilə quzular zəhərlənərək ölmüşdür. Bu tam yalandır. Çünki bizim təsərüffatımızda quzu ölümü 2017-ci il tarixdə baş vermişdir ki, həmin ildə Ucar rayonunda pambıq əkilməyib. Bu fakt Xaləddin Əsgərovun saxtakarlığını, yalanını tam subut edir. Əgər mənim qouynçuluq təsərrüfatımda ilkin quzu ölümü baş verən zaman düzgün müayinə və müalicə aparılsaydı, bu qədər quzu ölümü olmazdı qarşısı vaxtında alınardı”.
Ucar sakini xidmət rəisinin başqa bir məsələdə yalan danışdığını qeyd edib. “Xaləddin Əsgərov qeyd edir ki, quzular iti faslyoz xəstəliyinə görə kütləvi tələf olurlar. Buna dair təkrar- təkrar müalicələr yazıb etdirmişik, heç bir faydası olmayıb. Əgər Xaləddin Əsgərovun dediyini həqiqət kimi qəbul etsək, iti faslyoz xəstəliyinə görə qoyunlarda ölməli idi. Ancaq bizim təsərrüfatda bir dənədə olsun qoyun ölməyib. Ölən ancaq quzular olub”.
Cavid Cəlilov vurğulayır ki, hazırda onlara dəymiş ziyan nəticəsində çətin duruma düşüblər. “Həttda biz əlacsız qalıb, xırda buynuzlu heyvanlarımıza ot və yem almaq üçün damazlıq qoyunlarımızın bir hissəsini satmağa məcbur olmuşuq. 350 baş damazlıq qoyundan 220 baş qoyun qalıb”.
Onun sözlərinə görə, bir neçə gün öncə Qazyan kəndində quduz it problemi meydana çıxıb. O qeyd edib ki, quduz itlərin dişləməsi nəticəsində xeyli sayda heyvan tələf olub. “Bu barədə Xaləddin Əsgərova məlumat versək də, heç bir tədbir görmədilər. Bundan bir neçə gün sonra isə bir baş inəyimiz quduz itin dişləməsinə görə tələf oldu. Ucar rayon Baytarlıq Xidmətinə zəng edib yenə məlumat verdik. Onlar dərhal gəlmədilər, eşitdikdə ölüb, yolun kənarında qalmış inəyi video lentə alırıq, tez gəlib cəsədi yarmadan, analiz üçün nümunə götürmədən, açıq halda traktorla aparıb basdırdılar. Bütün bunları video lentə aldıq”.
Cavid Cəlilov sonda deyib ki, Ucar rayon Bayratlıq İdarəsinin rəisi Xaləddin Əsgərovun fəaliyyəti araşdırılmalıdır.