Azərbaycanda son zamanlar əhali banklardakı depozitlərini geri çəkməyə başlayıblar. Tribunainfo.az xəbər verir ki, bu bankların yaydıqları hesabatlardan da aydın görünür.
Bu sahədə “öndə” gedən banklardan biri “Paşa Bank”dır. Bankın 2024-cü ildə öhdəlikləri 7 milyard 313 milyon manata bərabər olub. Bu illik müqayisə ilə 501 milyon manat, başqa sözlə 6% azdır.
Depozit portfelinin həcmi 6 milyard 410 milyon manat olub ki, onun da 1 milyard 888 milyon manatı fiziki, 4 milyard 522 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit protfelində 525 milyon manat (8%), şirkətlərinin depozitlərində isə 779 milyon manat (15%) azalma , fiziki şəxslərin əmanətlərində 254 milyon manat (16%) artım baş verib.
Lakin məlum olub ki, “Paşa Bank” bu il 779 milyon manat deposit itkisi ilə üzləşib. Yəni, bankda əmanətləri olan şəxslər pullarını geri çəkiblər.
Anna analoji durum başqa banklarda da yaşanır. Tribunainfo.az xəbər verir ki, “Bank Respublika”da 2024-cü il ərzində 95.7 milyon manat depozit bankdan geri çəkilib.
“AccessBank”da da vəziyyət fərqli deyil. Düzdür, digər banklara nisbətdə bu bankda geri çəkilən pulların məbləği azdır. Belə ki, “AccessBank”da əhali ötən il 35 milyon manat depoziti bankdan geri çəkib.
Nə baş verir? Əhalinin banklardan pullarını geri çəkməsinin bir çox səbəbləri var. Bu sırada banklara olan güvənin azlığıdır. Bu zaman-zaman bağlanmış banklarda batan və ya uzun illərdir pulların verilməməsinin təsiri ilə əlaqədardır. Bundan başqa, əhali artıq pullarını daha etibarlı yerlərdə saxlamaq üçün onu qızıl və dollar çevirməyə üstünlük verir. Xüsusən də ötən ilin ortalarından devalivasiya xəbərlərinin yayılması insanları tədirgin edib.
Burada pulların ölkədən çıxarılaraq, xaricə aparılmasının da rolunun olduğu istisna deyil. Bəzi əmanətçilər pullarını ya Azərbaycanda əmlaka yatırmağa üstünlük verir, ya da xaricə çıxararaq, oradakı banklara və ya əmlaklara yatırırlar.
Vəziyyətin bu şəkildə davam etməsi şübhəsiz bankların fəaliyyətlərinə ciddi təsir edəcək. Çünki təkcə 3 bank bir ildə 1 milyard manata yaxın pul itiribsə, bunun yeni ildə də davam edəcəyi istisna deyil. Əhalinin güvənini qazanmaq, onları yenidən banklara etibarının artırılması üçün zəruri addımların atılmasını isə müvafiq qurumlar reallaşdırmalıdır.