Ağdam, Füzuli, Xocavənd Rayonlarında Bərpas, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs ötən gün Füzuli rayonunda həyata keçirəcəyi daha bir tenderin nəticəılərini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, sözügedən xidmət Füzuli rayonu, Dövlətyarlı kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınmasını reallaşdıracaq.
Rəsmi qaynaqlarda qeyd edilir ki, bununla bağlı “TVM İNŞAAT” MMC ilə 97.212.804,98 manatlıq satınalma müqaviləsi imzalanıb.
Bildirək ki, “TVM-İnşaat”la Ağdam, Füzuli, Xocavənd Rayonlarında Bərpas, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs arasında bu, ilk razılaşma deyil. Hələ bu ilin yanvarında tərəflər arasında Ağdam rayonunun Xıdırlı kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması prosesi də həyata keçirilib. Həmin razılaşmaya əsasən Xidmət “TVM İnşaat” MMC-yə 135 milyon 920 min 148 manat ödəyib.
Nəzərinizə çatdıraq ki, nizamnamə kapitalı 10 manat olan “TVM İnşaat” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.
Açıq mənbələrdə bu şəxs haqqında hər hansı məlumat yoxdur. Bundan başqa, onun rəhbərlik etdiyi şirkətin hazırda dövlətə 100 min manat borcu olduğu barədə mediada çoxsaylı məlumatlar gedib.