Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov oktyabrın 11-də su, qaz və elektrik istehlakına güzəştləri ləğv edib.
Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov oktyabrın 11-də su, qaz və elektrik istehlakına güzəştləri ləğv edib. Prezident belə bir sərəncamı enerji qiymətlərinin düşməsiylə hökumətin gəlirlərinin azalması nəticəsində imzalayıb.
«Reuters» agentliyinin məlumatına görə, bu addım türkmənlərin gələn aydan kran suyuna görə 25 dəfə artıq ödəniş etməsinə gətirəcək. Sərəncama görə, noyabrın 1-dən ayda adambaşına 7.5 kubmetrdən artıq istifadə olunan hər 10 kubmetr suya görə ödəniş hazırkı 0.2 manatdan (0.06 dollar) 5 manata (1.43 dollar) qalxır.
Berdymukhammedov bu həftənin əvvəlində kabinetin iclasında deyirdi ki, subsidiyalar tədricən azalacaq. Bu, daha çox qiymət artımının olacağı anlamına gəlir.
«Dövlət vəsaitinə səmərəli qənaət etməyin vaxtı çatıb», – Berdymukhammedov deyib.
Bu keçmiş sovet respublikasının vətəndaşları hələ də məişət qazı və elektrikin bir hissəsini havayı alırlar.
5.5 milyon əhalisi olan Türkmənistanda dünyanın dördüncü böyük təbii qaz ehtiyatları yerləşir.