Aktyor Elməddin Cəfərov AzNews.az-ın suallarını cavablandırıb.
– Elməddin bəy, ATV kanalında yayımlanan “Eks Bacanaqlar” serialı bitdi. “Qız atası” serialı yeni sezonda davam edəcəkmi?
– Bəli, “Eks Bacanaqlar” serialı 10 il yayımlandı, amma “Qız atası” serialı davam edəcək. Bununla yanaşı artıq yeni bir iş təqdim etməyin vaxtıdır.
– Türk aktyorları ilə “Çat kapı aşk” filminə çəkildiniz, amma davamı gəlmədi.
– Türklərdən film təklifi oldu, amma maliyyə məsələsinə görə razı olmadım. Orada az qonorara çəkilmək fikrim yoxdur.
– Bəlkə Türkiyədə tanınmaq və başlanğıc üçün təklifi qəbul edəsiniz.
– Bizə də minimum öz aktyorlarına verdikləri qədər qonorar verə bilərlər. Mənim orada tanınmağıma və Bakıdan kənara çıxmağa ehtiyac yoxdur. Türkiyədə filmlərə çəkilmək istəmirəm.
– Türkiyədə “Savaşçı” serialına çəkilən Kənan M.M bildiyimə görə çox da yüksək qonorar almır. Amma orada tanındı və yeni iş təklifləri də gəlir.
– Hələ ki, buranı tam fəth eləməmişəm.
– Bir az öncə yeni iş təqdim etməyin vaxtı olduğunu qeyd etdiniz. Planlarınız nələrdi?
– Yeni serial üzərində işləyirik. Burada yeni aktyor heyəti çəkiləcək. Hələ ki, danışıqlar gedir.
– Maraqlıdır, hansı aktyorlar çəkiləcək?
– Baş rola bir aktyor dostumuzu dəvət edəcəm. Dəvətimizi qəbul etsə, o, çəkiləcək. Əks halda özüm çəkilməli olacam.
– Fərda Xudaverdiyevi nəzərdə tutursunuz?
– Xeyr. Hələ bu haqda aktyorun özü belə bilmir. Bilsə, qiyməti qaldıracaq (gülür). Adını öncədən demək istəmirəm. İlk öncə özü ilə danışım ki, razılaşsın.