Türkiyənin ilk milli rabitə peyki kosmosa buraxıldı

Türkiyənin ilk milli rabitə peyki kosmosa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin ilk milli rabitə peyki “Türksat 6A” ABŞ-nin Florida ştatındakı “Cape Canaveral” Kosmik Qüvvələri Stansiyasından kosmosa buraxılıb.
Tribunainfo.az 
TRT-yə istinadla xəbər verir ki, türk mühəndisləri tərəfindən hazırlanan peyk Türkiyə vaxtı ilə saat 02:30-da (Bakı vaxtı ilə 03:30) “Space X”in “Falcon 9” raketi ilə kosmosa göndərilib.
Raketin buraxılışı uğurla həyata keçirilib və peyk raketdən ayrıldıqdan sonra 67-ci dəqiqədə peykdən ilk siqnal ötürülüb.
“Türksat 6A” kosmosa müvəffəqiyyətlə göndərildikdən sonra stansiyalar vasitəsilə bütün orbit və alt sistem yoxlamaları aparılacaq və peyk 42 dərəcə şərq uzunluğunda öz orbitinə doğru kosmik səyahətinə başlayacaq.
Bu səyahət tamamlandıqdan sonra orbital sınaqlar mərhələsi başlayacaq və ən az 1 ay davam edəcək sınaqlardan sonra istifadəyə veriləcək.
Dünyadan 35 min 786 kilometr məsafədə yerləşəcək “Türksat 6A” 20 Ku Band transponderi ilə xidmət göstərəcək.
8,4 kilovat gücündə və 4 min 229 kiloqram ağırlığında olan “Türksat 6A” ilə “Türksat”ın xidmət göstərdiyi əhatə dairəsi Hindistan, Tailand, Malayziya və İndoneziyaya qədər genişlənəcək.
Peykin fəaliyyətə başlaması ilə Türkiyə öz rabitə peykləri ilə dünya əhalisinin yüzdə 65-dən çoxunu əhatə edə biləcək. Bununla da Türkiyə peyklərinin əhatə etdiyi əhali sayı 3,5 milyarddan 5 milyarda çatacaq.
Qeyd edək ki, 2000-ci ildən kosmik proqramını aktiv şəkildə genişləndirən Türkiyə tərəfi indiyədək fəzaya 9 ədəd peyk və müşahidə cihazı çıxarıb.