Türkiyədə yaşayan rejissor: “Çox pul qazansan da xoşbəxt olmursan”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Iki il öncə də Bakıya gəldiyimdə buraları gəzdim, məkan seçdim”
 

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı rejissor Xəyal Aslanzadə  musavat.com saytının suallarına cavab verib.

“O kuş buraya gelecek” filmi üçün Azərbaycana gələn rejissorla söhbətə onun təqdimatı ilə başladıq:“Azərbaycanlı olsam da, uşaqlığımdan bəri Türkiyədə yaşayıram. Orada universitet oxudum, magistraturanı bitirdim. Hazırda da təhsilimi davam etdirirəm. Gözəl sənətlər məzunuyam. 1994-cü ildən bəri bu sektordayam. 4 ildir ki, rejissorluq edirəm. Serial sahəsində bir az çalışdıqdan sonra film sektoruna keçdim. Serial sahəsində yüksək tempo var, yüksək tempo olan yerdə sənət olmur. Sənət üçün zaman lazımdır. Ona görə də film sahəsinə keçmişəm. İşin içində pul da var, daha çox işləyəndə daha çox qazanırsan. Çox çalışanda pulun olur, amma xoşbəxt olmursan, ailənə vaxt ayıra, kitab oxuya bilmirsən. Mən də az çalışaraq digər işlərə çox zaman ayırmağı seçmişəm.

– “O kuş buraya gelecek” filmi haqqında nələr deyə bilərsiniz?

– “Artlema” şirkətinin ssenaristi və prodüseri ilə əvvəldən tanışıq. “O kuş buraya gelecek” ikinci projemizdir. Iki ildir ki, hazırlaşırıq. Iki il öncə də Bakıya gəldiyimdə buraları gəzdim, məkan seçdim. İl yarım ön hazırlıqlar etdik. Ağlımızda olan aktyorları bir araya gətirdik, Ufuk Özkan, Meptab Bayri, Dilarə Əliyeva, Müşviq Şahverdiyev, Gökce ilə bir araya gəldik. Çəkilişlərimi çox əyləncəli keçdi.  

– Türkiyə ilə Azərbaycan çalışma sistemində nə kimi fərqlər var?

– Əlbəttə, fərq var. Azərbaycanlılar yeni şeylər öyrənir, təcrübə yığır. Öncələr ”Yeşilçam” filmləri vardı. Daha sonra durğunluq dönəmi oldu. 90-cı illərdə isə film sektoru yenidən dirçəlməyə başladı. Azərbaycan film sektoru bizim 90-cı ilimizi yaşayır. Əminəm ki, 3-5 il sonra Azərbaycan filmləri yüksək səviyyədə çəkiləcək.

– Azərbaycanda çəkilən yeni filmləri izləmisiniz?

– Aktyor seçərkən bir neçə film izlədim. Hər işə əmək verilir. Mükəmməl və qüsurlu tərəfləri də olur. Bizim çəkdiyimiz filmlərdə də qüsur var. Hər film gözəldir. Mən bir neçə aparat istədim, dedilər ki, Azərbaycanda var. Çox təəccübləndim, bu gözəl şeydir. “Axırıncı yol”, “Oğlan evi”, “Gizlənpaç” kimi filmləri izlədim. Onlarda rejissorların ortaya qoyduğu gözəl səhnələr var.  Sadəcə imkan və zaman var.  Bizim büdcəmiz Azərbaycana görə çoxdur. İnanıram ki, maddi imkan olduqca Azərbaycanda daha gözəl filmlər çəkiləcək. 2 il öncə çəkilən filmlərlə indi çəkilənlər arasında fərq çoxdur. Hər kəsin işi  dəyərlidir. Hamıya uğurlar arzulayıram.

– Azərbaycanlı oyunçuları necə seçdiniz?

– Komediya çəkəcəyimiz üçün ağlımızda bir neçə səs vardı. Onlarla yanaşı alternativ aktyorlar da seçdik. Bu iş elədir ki, hər kəsin alternativi olmalıdır. Mənim belə alternativim var. Çünki nə zaman başımıza nə gələcəyi bəlli deyil. Dilarə xanımı,  Müşviqi əvvəldən istəyirdik. Tək sıxıntımız Müşfiqin ssenarini oxuyanda Türkiyə türkcəsində çətinlik çəkməsi idi. O gün onu kənara çəkib danışdım, bacara biləcəyini dedim. Özü də danışır ki, sizin sözünüzdən stimul aldım. Bir müddət sonra sonra qarşımıza elə çıxdı ki, məəttəl qaldıq. Türkiyə türkcəsində gözəl danışır. Çox bacarıqlıdır. Hamımız birlikdə çox gözəl iş ortaya çıxaracağıq. Filmimiz dekabrda nümayiş olunacaq.