Yaxın Şərqdə və Türkiyə ətrafında dərinləşən geosiyasi proseslər beynəlxalq konyukturada ziddiyyətlər fonunda rəsmi Ankaranı Qərblə siyasi münasibətləri normallaşdırmağa istiqamətləndirdi. Buna misal olaraq, Ərdoğanın Fransa səfərini, səfər çərçivəsində Fransa, İtaliya və Türkiyə arasında bağlanan müqaviləni və mülayimləşən Türkiyə ABŞ əlaqələrini göstərmək olar. Bütün bu sadalananlar ağıllara bir sualı gətirir.
Türkiyə yenidən Qərbəmi meyillənir? Mövzunu politoloq Məhəmməd Əsədullazadə TİA.AZ-a şərh etdi: “ABŞ generalının Ankaraya səfərindən sonra, Türkiyəyə qarşı viza qadağasını ləğv etməsi, Türkiyə ilə ABŞ arasında buzların əridilməsinə hesablanıb. Viza qadağasının aradan qaldırılmasına, Ağ Evdən fərqli olaraq, Pentaqonun rəsmi Ankaraya verdiyi dəstəyin nümunəsi kimi baxmaq lazımdır. Türkiyə ilə Rusiya arasında “S-400″ raket komplekslərinin alınması barədə müqavilə imzanlanmasına baxmayaraq, Pentaqon yenə də Türkiyə ilə hərbi-siyasi əlaqələrə önəm verir. Rusiya ilə Türkiyə arasında hərbi-texniki sazişə rəğmən, ABŞ üçün də Türkiyə ilə siyasi strateji əlaqələr önəmlidir. Çünki Türkiyənin Rusiyanın orbitinə yaxınlaşması Yaxın Şərqdə ABŞ-ın mövqelərini zəiflədə bilər. Səudiyyə Ərəbistanı, İordaniya və Misirdən fərqli olaraq, Türkiyə regional gücdür və bəlli hədəfləri alır. ABŞ-ın Yaxın Şərqdə Türkiyəsiz siyasəti fiaskoya uğrayıb. İraqda və Suriyada bunun şahidi oluruq. Rəsmi Ankara artıq Almaniya və Fransa kimi Avropanın aparıcı dövlətləri ilə də münasibətlərin normallaşması istiqamətində siyasi addımlar atır.
Qeyd edim ki, 16 İyul hərbi çevriliş cəhdindən sonra Almaniya ilə Türkiyə arasında çox ciddi siyasi skandal yaşandı. İki ölkə arasında qarşlıqlı ittihamlar Almaniyanın Türkiyənin terrorçu adlandırdığı şəxslərə siyasi sığınacaq verməsi əlaqələri qırılma nöqtəsinə gətirib çıxarmışdı. Rəsmi Berlinin son günlərdə Türkiyəyə qarşı siyasətində korrektlərindən sonra Türkiyə də eyni mövqeyi sərgilədi. Qeyd edək ki, AKP rəhbərliyinin xarici siyasətində müəyyən düzəlişləri, Qərblə əlaqələrin inkişafı üçün edilən səfərlər Türkiyənin xarici siyasətində korrektlərindən xəbər verir. Çünki AKP hakimiyyətinin yürütdüyü xarici siyasət birbaşa Türkiyənin oturuşmuş strateji xarici prioritetlərinə zidd idi. Xarici işlər naziri Mövlud Çavuşoğlunun Almaniya səfərinin ardınca, prezident R.T. Ərdoğanın Fransaya rəsmi səfəri Aropanın iki aparıcı ölkəsi ilə problemlərə son vermək üçün uğurlu siyasi strateji əhəmiyyətli səfərdir. Hər iki ölkə NATO çərçivəsində Türkiyə ilə müttəfiq ölkədir.
R.T.Ərdoğanın səfəri çərçivəsində Türkiyə ilə Fransa arasında hərbi-texniki əməkdaşlıq barədə müqavilə bağlandı. Bundan sonra Fransa Türkiyəyə hava hücumundan müdafiə raketləri verəcək. Həmçinin Fransa və İtaliyanın birgə müdafiə sənayeli EUROSAM şirkəti ilə müqavilələr bağlaması Türkiyənin artıq Qərblə siyasi əlaqələri yoluna qoyması istiqamətində atdığı uğurlu addımdır. Avropa ilə yaxınlaşmaq kursu nəticəsində Rusiya ilə münasibətlərdə uzaqlaşma yaxın perspektivdə gözlənilməsə də, müəyyən müddətdən sonra Suriya məsələsində fikir ayrılıqları biruzə verəcək. Türkiyənin Qərblə siyasətində müsbət düzəlişlər bu ölkənin Yaxın Şərqdə və xarici siyasətində manevr imkanlarını genişləndirəcək. Əgər Rusiya bu ayın sonunda Soçidə Suriya Milli Konqresinin toplantısına PYD-ni dəvət edərsə, Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlər zəifləyəcək və bunun nəticəsində Ankara Qərbin Cenevrə danışıqlarına qatıla bilər.”
Vəsilə İbrahim
TİA.AZ