TÜRKİYƏ VƏ ALMANİYA ARASINDA GƏRGİNLİK-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə-Almaniya münasibətlərində bir müddətdir davam edən soyuqluq ciddi böhran mərhələsinə qədəm qoyub”. 

“Türkiyə-Almaniya münasibətlərində bir müddətdir davam edən soyuqluq ciddi böhran mərhələsinə qədəm qoyub”.

TİA.AZ xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. Onun sözlərinə görə, buna səbəb Almaniyanın “fətullahçı”lara və Türkiyədən qaçan, terrorçuluqda suçlanan digər şəxslərə sığınacaq verməsi və bunun əvəzində Türkiyə hökumətinin Almaniya vətəndaşı olan jurnalisti və hüquq müdafiəçisini həbs etməsidir:

“Almaniya Türkiyənin bir saylı ticarət ortağıdır. 2016-cı ilin yekunlarına əsasən Almaniya Türkiyənin ixracatında 10 faizlik payla (14,4 milyard dollar) ilk sıradadır. Türkiyədə 6 min alman şirkəti fəaliyyət göstərir. Almaniya həm də Türkiyəyə ən çox turist göndərən ölkədir.

Əgər Almaniya sanksiyalara qərar verərsə, şübhəsiz ki, özü də zərər çəkəcək, amma Türkiyə daha böyük zərbə alacaq. Türkiyə iqtisadiyyatı onsuz da kövrək və xarici ticarətdəki gəlişmələrə qarşı həssas bir iqtisadiyyatdır. Almaniya kimi bir bazarı itirmək türk istehsalçıları üçün əsl faciə olar. Bu durumda qısa müddətdə alternativ bazarlar tapmaq da mümkün deyil, tərslikdən ərəb dünyasının bir sıra aparıcı ölkələri ilə münasibətlər ya korlanıb, ya da korlanmaq üzrədir. Bu, ayrıca diqqət yetirilməli mövzudur. Türkiyənin 3-cü böyük ticarət ortağı olan İraqdakı Bağdad və Ərbil hökumətləri ilə münasibətlərində gərginlik artır. Qatar böhranı da davam edir”.

Politoloq deyir ki, 14-15 milyard dollarlıq ixracat gəlirindən məhrum olmaq dövlət üçün zarafat deyil: “2016-cı ildə Türkiyənin ümumi ixracat gəliri 143 milyard dollar olub. Müqayisə üçün: Almaniyanın ixracat gəliri 1,2 trilyon avrodur. Bu gün Türkiyənin brüt (gross) valyuta ehtiyatı (qızılsız) 86 milyard dollardır, net valyuta ehtiyatının miqdarı açıqlanmasa da, bunun cəmi 30 milyard dollar civarında olduğu bildirilir.

Turizm gəlirləri isə həm büdcə kəsirinin aşağı salınması, həm əhalinin işlə təminatı, həm də bütövlükdə bu sektorun ayaqda qalaraq dünya ilə rəqabətində mühüm rola malikdir. Bu sahədə Rusiyanın boykotuna davam gətirməyən Türkiyənin Almaniyanın boykotuna dözə biləcəyi inandırıcı görünmür. Ümumiyyətlə, turizm ölkəsi sülhpərvər xarici siyasət yeritməlidir. Bu dəqiqə Qara dəniz – Trabzon və Rize turizmçiləri qorxudan titrəyirlər ki, Səudiyyə Ərəbistanı və onun çətiri altındakı ərəb ölkələri boykota başlasa, biz məhv olduq.

Uzun sözün qısası, Türkiyə xarici siyasətdə Atatürkün “Yurdda sülh, cahanda sülh” fəlsəfəsinə qayıtmasa, problemləri daha da böyüyəcək”.

Qeyd edək ki, Almaniya ilə Türkiyə arasında münasibətlər son iki il ərzində gərginləşib. Buna səbəb Almaniyanın Türkiyədəki 15 iyul çevrilişində iştirak edənlərə sığınacaq verməsi və Türkiyənin də buna qarşılıq olaraq, alman deputatlarını İncirlik bazasına buraxmaması olub.

İlahə