“Türkiyə özü müstəqil şəkildə hərəkət etsə 10 il, texniki yardım alsa 5-6 ilə nüvə silahına sahib ola bilər”.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bunu rusiyalı ekspert İqor Nikulin deyib. O, Türkiyənin belə bir potensiala sahib olduğunu, istəsə özünün mütəxəssis hazırlaya, istəsə isə xaricdən mütəxəssis gətirə biləcəyini söyləyib.
Rusiyanın inşa edəcəyi Akkuyu atom elektrik stansiyası da daxil olmaqla Türkiyədə inşa ediləcək nüvə stansiyalarından bəhs edən Nikulin Ankaranın istifadə olunmuş nüvə yanacaqlarını harada toplayacağı məsələsini hələlik qeyri-müəyyən müddətə təxirə salmasının da şübhələrə səbəb olduğunu bildirib.
O, qərbin Türkiyəni quldur dövlət elan edəcəyi təqdirdə hər şeyin mümkün ola biləcəyini söyləyib:
“”Nüvə silahlarının yayılması haqqında” saziş əlbəttə Türkiyənin əl-qolunu bir müddət bağlayacaq. Qərblə münasibətlər sabit qalacaq. Lakin Qərb Türkiyəni quldur dövlət kateqoriyasına daxil etsə, o zaman hər şey baş verə bilər”.
Hərbi və siyasi araşdırmalar mərkəzinin kütləvi qırğı silahları üzrə mütəxəssisi Nikolay Kostikin isə Türkiyənin belə bir qərar alacağı təqdirdə, buna mane ola biləcək heç bir səbəb görmədiyini bildirib:
“Hazırda heç kim nüvə dövlətləri klubunun genişlənməsini istəmir. Nüvə silahına sahib olan bütün ölkələr bunun qarşısını almağa cəhd edəcək. Əgər Yaxın Şərqdə nüvə silahı təkmilləşdirilərsə, bu vəziyyət bölgədə qeyri-sabitliyə gətirib çıxara bilər”.
Qeyd edək ki, Almaniyanın sabiq xarici işlər naziri Siqmar Qabriel Ankara-Vaşinqton münasibətlərinin gərginləşməsi fonunda Türkiyənin Qərbdən tamamilə uzaqlaşacağı təqdirdə nüvə silahlanmasına doğru gedə biləcəyi təhlükəsinin olduğunu söyləmişdi.