Ermənistan Milli Məclisinin sədr müavini və xüsusi nümayəndəsi Ruben Rubinyan Türkiyə ilə normallaşma prosesinə heç bir maneə görmədiklərini bildirib.
İrəvanda jurnalistlərə açıqlama verən Rubinyan yaxın günlərdə türkiyəli həmkarı, səfir Serdar Kılıçla görüşməyi planlaşdırdığını bildirib.
Görüşün yeri və tarixini açıqlamayan Rubinyan “Gündəliyimiz normallaşma prosesi ilə bağlı bütün mövzuları əhatə edir” deyib.
Rubinyan Ermənistan tərəfinin proses üçün heç bir ilkin şərt qoymadığını vurğulayaraq deyib:”Türkiyənin bu prosesi gecikdirməsi üçün heç bir səbəb görmürəm. Ən azından Ermənistan tərəfində heç bir maneə və ya tərəddüd yoxdur. Biz Türkiyə ilə sabah belə sərhədləri açmağa və diplomatik əlaqələr qurmağa hazırıq”.
Rubinyan Pakistanla da son vaxtlar diplomatik əlaqələr qurduqlarını və bunu “əhəmiyyətli bir inkişaf” hesab etdiklərini və Türkiyə ilə də oxşar addımın atılacağına ümid etdiklərini də qeyd edib.
“Bizim tərəfimizdən bu iradə mütləq var”, – deyən Rubinyan, siyasi iradə olarsa, prosesin qısa müddətdə əhəmiyyətli nəticələr verə biləcəyini bildirib.
Rubinyan Türkiyənin son təmaslarda yeni ilkin şərtlər irəli sürdüyünə dair iddiaları da rədd edərək, “Biz prosesin ilkin şərtsiz davam etdiyini dəfələrlə bəyan etmişik” deyib.