backend

“TÜRKİYƏ İLƏ AVROPA BİRLİYİ VƏ QURUMLARI ARASINDA GƏRGİNLİK ARTACAQ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyədə keçirilən referendumda prezident Ərdoğan istədiyinə nail olsa da, bu referendumdan siyasi mənada zəifləyərək çıxdı”.  

“Türkiyədə keçirilən referendumda prezident Ərdoğan istədiyinə nail olsa da, bu referendumdan siyasi mənada zəifləyərək çıxdı”. 

Bu sözləri politoloq Şahin Cəfərli TİA.AZ-a referendumun nəticələrinin regiondakı proseslərə, Türkiyə- Azərbaycan münasibətlərinə və yeni siyasi sistemin Türkiyənin daxili və xarici siyasətinə təsiri ilə bağlı fikirlərə münasbitəni bildirərkən deyib:“Ərdoğan, təqdim etdiyi Konstitusiya dəyişikliyi layihəsinə xalqın açıq dəstək verəcəyini gözləyirdi. Sirr deyil ki, o, 55-60 faiz arası səsə ümid edirdi. Amma səslər bir-birinə yaxın çıxdı, üstəlik, qanun pozuntuları barədə iddialar referendumun legitimliyinə şübhə saldı. Elan olunmuş nəticələri tam həqiqət kimi qəbul etsək belə, bu nəticə göstərir ki, xalqın yarısı təklif olunan Konstitusiyanı qəbul etmir. 

Halbuki Konstitutsiyalar cəmiyyətin böyük hissəsinin üzərində uzlaşdığı, konsensusla qəbul edilən sənəd olmalıdır. Konstitutsiya referendumu ilə seçkiləri fərqləndirmək lazımdır. Seçkilərdə 35-40 faiz səs alan partiya iqtidara gəlib, ölkəni idarə edə bilər, lakin Konstitutsiya uzun müddət üçün nəzərdə tutulan ictimai müqavilədir. Xalqın yarısı onu qəbul etmirsə, bu halda uzunmüddətli stabillikdən danışmaq qeyri-mümkündür, xüsusən də söhbət Türkiyə kimi kəskin ideoloji ziddiyyətlərin mövcud olduğu və mürəkkəb bölgədə yerləşən ölkədən gedirsə”.

Politoloqun fikrincə, Türkiyənin ən böyük şəhəri İstanbul, paytaxtı Ankara və üçüncü böyük şəhəri İzmir də daxil olmaqla, 17 böyük şəhərin “yox” deməsi hakimiyyətin mövqelərinə ciddi zərbədir: “Bu şəhərlər ölkə iqtisadiyyatında çox mühüm rola malik olan sənaye mərkəzləridir, əhalinin təhsilli, intellektual kəsimi məhz həmin şəhərlərdə yaşayır. Yəni, Türkiyənin mütərəqqi hissəsi Konstitutsiya dəyişikliklərinə dəstək vermədi. Daxili siyasətinə gəldikdə isə hesab edirəm ki, ölkədə müxalif qüvvələrə qarşı repressiya dalğasına start verilə bilər. Bunun üçün çox əlverişli vasitə də var – FETÖ dəyənəyi. Ərdoğan bu dəyənəyi istədiyi zaman müxalifətin başına endirə bilər. MHP-dən xaric olunmuş siyasətçilərin atacağı addımların Türkiyədə daxili siyasi proseslərə ciddi təsiri olacağını düşünürəm. Meral Akşener-Sinan Oğan-Ümit Özdağ üçlüyü və onların ətrafında birləşən qrupların güclü milliyyətçi-mühafizəkar partiya yaratmaq imkanı var. Hesab edirəm ki, onlar bir araya gəlib, partiya qurarsa, 2019-cu ildə keçiriləcək prezident və parlament seçkilərinə təsir göstərmək imkanları böyük olacaq. Bu halda iqtidar onların qarşısını kəsmək üçün FETÖ əməliyyatına başlaya bilər, bu isə ölkədə gərginliyi artıracaq. Xarici siyasətə təsirlərə gəldikdə isə, Türkiyə ilə Avropa Birliyi və digər Avropa qurumları arasında gərginlik artacaq. ATƏT-in müşahidə missiyasının referendumla bağlı ilkin rəyində prosesin Avropa standartlarına zidd olduğunu bəyan etməsi Türkiyənin imicinə böyük zərbədir. Bunun siyasi nəticələri də olacaq. Referendum gecəsi prezident Ərdoğanın bir daha edam cəzasının bərpasının zəruriliyindən danışmasını, ATƏT-in rəyindən sonra isə bu qurumu sərt ifadələrlə tənqid etməsini qarşıdakı dönəmdə Türkiyə-Avropa münasibətlərində baş verəcək hadisələrlə bağlı ilk siqnallar saymaq olar. Əgər edam hökmü bərpa olunarsa, Türkiyə Avropa Birliyinə namizəd ölkə statusundan məhrum oluna və Avropa Şurasından çıxarıla bilər”.

Ş.Cəfərlinin sözlərinə görə, siyasi səviyyədə münasibətlərin pozulmasının iqtisadi əlaqələrə də təsiri olacaq. Belə ki, Avropa bazarı Türkiyə sənayesinin əsas istehlak bazarıdır, Türkiyə iqtisadiyyatı Avropa iqtisadiyyatı ilə inteqrasiya olunub:

“Bu münasibətlərin pozulması Türkiyədə iqtisadi böhranı dərinləşdirəcək. Böhran dərinləşdikcə isə Ərdoğan daxildə repressiyaları gücləndirə, ölkə xaricində – Suriyada isə hərbi xarakterli yeni həmlələrə girişə bilər”.

İlahə