“İstanbulda gözlənilən yeni zəlzələ nəticəsində 600 min ev uça bilər”.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki “Türkiyə qəzeti”nə açıqlamasında deyib.
“İstanbul bizi həqiqətən qorxudur. Şəhərdə zəlzələ tale məsələsidir. Burda 6 milyona yaxın ev var. Bunların 600 mini çox risklidir, ilk mərhələdə dağıla bilər. 1,5 milyon ev uça bilər, amma 600 mini zəlzələyə tab gətirə bilməz kimi görünür. Türkiyə Himalay dağlarından başlayaraq Alp dağlarına qədər uzanan xətt üzrə ən riskli 5 zəlzələ ölkəsindən biridir. İstanbulda böyük şəhərlər arasında zəlzələ riski olan 10 şəhərdən biridir”, deyə Ozhaszeki bildirib.
“1000 illik Anadolu sivilizasiyamızda başımıza gələ biləcək ən böyük fəlakət oldu. 18 vilayətə birbaşa təsir etdi. 14 milyon insan təsirləndi, 680 min ev, 170 min iş yeri kimi yerlər dağıldı. Bu ümumilkdə 850 min kimi böyük rəqəm edir. İndi 1 milyon 900 min insan evindən uzaqda qalır. Çadırlarda çox insan qalmayıb. 500 mindən çox insan konteyner şəhərlərdə yaşayır. Yataqxanalarda qalanlar var. Evindən kənarda olan insanları təhlükəsiz mənzillərə çatdırmaq bizim birinci vəzifəmizdir”, deyə nazir əlavə edib.
Qeyd edək ki, avqustun 18-də aparıcı türk seysmoloqu Naci Görür Türkiyənin dağıdıcı zəlzələlər dövrünə qədəm qoyduğunu bəyan edib. O, İstanbulda təhlükəli yeraltı təkanların baş vermə ehtimalının yüksək olduğunu xatırladıb və bu istiqamətdə ciddi işlərə başlamağı tövsiyə edib.
Bundan əvvəl başqa bir tanınmış seysmoloq Cəlal Şengör yeni zəlzələ baş verəcəyi təqdirdə İstanbul üçün fəlakətli nəticələri proqnozlaşdırmışdı. Onun sözlərinə görə, yeraltı təkanlar 60-70 min binanı məhv edə bilər və fövqəladə hallar xidmətləri xilasetmə əməliyyatlarında böyük çətinliklərlə üzləşəcək.