“Türk Dövlətləri İqtisadi Forumu 2024” adlı tədbirin mətbuat konfransı keçirilibbackend

“Türk Dövlətləri İqtisadi Forumu 2024” adlı tədbirin mətbuat konfransı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konfransda 2-3 May tarixlərində keçiriləcək layihə ilə bağlı media nümayəndələrinin sualları cavablandırılıb.

Konfransda çıxış edən Kiçik və Orta Biznes Subyektləri və Klubları Asossasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova və Azərbaycan Françayzinq Asossasiyasının (AFA) sədri Camid Mövsümov bildirib ki, forum bu iki qurumun təşkilatçılığı ilə reallaşacaq.

15 ölkədən 100-dən çox investorun iştirakının nəzərdə tutulduğu tədbir yerli və xarici investorlar üçün böyük imkanlar yaradacaq.

Konfransın gedişatında verilən suala cavab olaraq bildirilib ki, forumda “Türk ölkələri arasında iqtisadi əməkdaşlıq- Qlobal iqtisadiyyata təsiri və töhfəsi” , “ Çin yoxsa Hindistan yolu? Ələt Azad İqtisadi zonasının əhəmiyyəti” , “Türk qadını – Qadın sahibkarlığının inkişafı” , Türk ölkələrində iqtisadi əməkdaşlıq – Brendləşmə, Françayzinq” başlıqlı panellər keçiriləcək. Hər bir paneldə müxtəlif dövlət qurumlarından yüksək vəzifəli şəxslər, investorlar, xarici ölkələrdən gəlmiş qonaqlar çıxış edəcək.

AFA sədri Camid Mövsümov qeyd edib ki, investorlar, iş adamları, qlobal şirkət sahibləri, asossasiya rəhbərləri, ictimai birlik, bank, networkinq qruplarının iştirak edəcəyi forum növbəti mərhələdə daha 7 ölkədə təşkil olunacaq. Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Şimali Kipr kimi ölkələrdə keçirilməsi planlanan tədbir, Türk ölkələri arasında ciddi iqtisadi əlaqələrin yaranması, biznes mühitinin formalaşmasına öz töhfəsini verəcək.

Foruma Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Küveyt, Yaponiya, Qətər, Rusiya və Misir kimi ölkələrdən də iştirakçıların qatılması da planlanır.

KOBSKA sədri Nigar Ələsgərova sualları cavablandırarkən qeyd edib ki, Türk ölkələri arasında ilk belə layihə kimi keçiriləcək tədbir, bu ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türk ölkələri arasında münasibətlərin gücləndirilməsi məqsədini daşıyır.

Mətbuat konfransının sonunda çıxışçılar media nümayəndələrini türk dövlətlərinin iqtisadi əlaqələrinin genişləndirilməsi üçün ciddi addım kimi qiymətləndirilən bu forumun işıqlandırılmasında fəal olmağa, birgə əməkdaşlığın daha sıx qurulmasına dəvət edib.

Xatırladaq ki, “Türk Dövlətləri İqtisadi Forumu 2024” adlı beynəlxalq tədbir 2-3 may tarixlərində, Baku Marriott Hotel Boulevardda keçiriləcək. İştirak etmək istəyən media nümayəndələri təşkilatçı qurumların əlaqə vasitələrinə müraciət edə bilər.