Qarabağda ev verilən vətəndaşlar evlərini kirayə verərək Bakıya qayıtması xəbərləri hallanır.
Həmin vətəndaşlara dövlət tərəfindən verilən evlər geri alına bilərmi? Hüquqi cəhətdən bu mümkündürmü?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən hüquqşünas Tural Həsənli bildirib ki, məcburi köçkünlərə zamanında müvəqqəti yaşayış üçün verilən evlər əslində dövlət əmlakıdır. Dövlət tərəfindən verilən evlərə çıxarış verilməyib. Yəni, məcburi köçkün həmin evlərdə dövlət hesabına yaşayır. Onun üzərində qərar, sərəncam vermək hüququ dövlətə verilir.
Hüquqşünasın sözlərinə görə, həmin şəxslər müvafiq yaşayış sahəsi ilə təmin edildikdən sonra dövlət həmin evləri ehtiyacları üçün istifadə edə biləcək.
Dövlət verdiyi evi o zaman geri alacaq ki, həmin şəxs evlə təmin olunmuş olsun. Azad olunan ərazilərin bərpası ilə bağlı xeyli işlər görülmüşdür. Uzun müddətdir ki, əsas infrastruktur və kommunikasiya işlərinə diqqət ayrılır. Yaşayış məntəqləri ilə paralel həmin ərazilərdə iaşə obyektləri, dövlət obyektləri inşa edilməlidir və bundan sonra vətəndaşlar həmin ərazilərə köçürülə bilər. Bu isə mərhələli şəkildə aparılır.
“Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 saylı qərarına əsasən, məcburi köçkün ailələrinin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrinə köçürülməsi Komitənin vəsaiti hesabına həyata keçirilir. Məcburi köçkün 5 (beş) gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur.
“Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.
Göründüyü kimi, əvvəllər məcburi köçkün ailələrinin müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsi ilə bağlı münasibətlər tərəflər arasında bağlanmış müqavilə əsasında şərtlənmiş və müqavilə şərtləri tərəflər üçün məcburi olduğundan, həmin yaşayış sahəsinə münasibətdə gəlir əldə etmək məqsədilə istifadə etmək yolverilməzdir. Lakin, işğaldan azad olunmuş rayonlara, öz ata-baba yurduna qayıdan şəxslərin onlara verilmiş yaşayış sahəsi ilə bağlı hansı hüquqlara malik olması həmin yaşayış sahəsinin onlara hansı hüquq əsasında verilməsindən asılıdır. Hesab edirəm ki, əvvəllər həmin torpaqlarda mövcud olmuş yaşayış sahəsinə mülkiyyət hüququ olan şəxslərə evlər tam mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış əsasında verilərsə, daha ədalətli və qanuni olar. Təbii ki, əgər həmin mənzil tam mülkiyyət hüququ ilə şəxsə verilirsə, həmin əmlakdan müvafiq kirayə müqaviləsi əsasında gəlir əldə etməyə, həmin əmlakla bağlı və s. hüquqları həyata keçirməyə mane olan hər hansı bir hal yoxdur”.
Dəniz Pənahova