Belə bir hal baş veribsə, bu qəbuledilməzdir. O bayrağın ora dikilməsi zamanı bizim bir əsgərimiz də yaralanıb. O bayraq bizim öz ərazimizdə dalğalanır. Rusiya sülhməramlılarının belə bir addım atması onların regionda sülhməramlı olması yox, işğalçı qüvvə olduqlarının göstəricisidir. Düşünürəm ki, bu təkcə hərbi missiya yox, diplomatik bir böhrana da səbəb ola bilər.
Bu sözləri Tribunainfo.az-a AĞ Partiya sədri Tural Abbaslı bu gün görüntüləri yayılan Rusiya sülhməramlı qüvvələrinin Laçında Həkəri çayının üzərindəki körpüdə ucaldılan Azərbaycan bayrağının asıldığı dirəyi aşırması ilə bağlı danışarkən deyib.
Partiya sədri bildirib ki, bu hərəkətə Azərbaycanın mövqeyi sərt olmalıdır:
“İstənilən bir ölkə digər ölkə ilə dostluq siyasəti yürütdüyünü elan edirsə, onun bayrağına da, sərhədlərinə də hörmət etməlidir. Mənə elə gəlir ki, həmin əraziyə Azərbaycan Xüsusi Təyinatlıları yenidən təyin etməlidirlər. Həmçinin təhlükəsizlik də əvvəlkindən daha ciddi formada təmin olunmalıdır. Çünki rus sülhməramlıları öz ölkələrində, öz dövlət ərazilərində deyil.
Sübut varsa ki, bunu həqiqətən də Rusiya sülhməramlıları edib, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota verməlidir. Bu ola bilər ki, ruslar tərəfindən yoxlama atışı, yoxlama hərəkəti olsun. Yəni bayraqlarını endirək və reaksiyalarının nə olacağına baxaq. Reaksiya olmasa daha böyük təxribat ola bilər. Düşünürəm ki, Azərbaycanın mövqeyi sərt.
Ancaq təəsüf ki, hadisə ötən ay baş versə də, Azərbaycan XİN və MN-dən Rusiya tərəfinə bu barədə bir etirazın, notanın verildiyini eşitməmişik. Ancaq görüntülər bu gün ictimailəşib, bunan sonra reaksiyalar daha konkret olmalıdır”.
Qeyd edək ki, video 15 iyun 2023-cü il tarixdə qeydə alınıb. Həmin gün Laçın buraxılış keçid məntəqəsində insdent baş vermişdi. Ermənilər Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgərinə atəş açmışdı. Nəticədə hərbçimiz yaralanmışdı. Lakin indiki görüntülər bu zamana qədər heç bir yerdə yayılmamışdı.