“Trotskinin adamı” olan komissar Bubnov – Yejovun qovluğu, Stalinin dərkənarı və edambackend

“Trotskinin adamı” olan komissar Bubnov – Yejovun qovluğu, Stalinin dərkənarı və edam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1937-ci ilin oktyabr ayında Mərkəzi Komitənin plenumu keçiriləndə onu Kremlə buraxmayıblar. Andrey Bubnov Mərkəzi Komitənin üzvü olduğunu təsdiq edən vəsiqəni təqdim etsə də, ondan xüsusi buraxılış vərəqəsi tələb olunub. Rusiya xalq maarif komissarı (naziri) Kremlin komendantıyla, Mərkəzi Komitənin katibliyi ilə əlaqə yaratmağa çalışıb, amma buna da imkan verilməyib. Əslində, buraxılış vərəqəsi, şəxsiyyətin təsdiqi üçün tələb olunan sənədlər bir bəhanə olub. Bubnovu Kremlin sıravi mühafizəçilərindən tutmuş, Mərkəzi Komitənin birinci şəxslərinə qədər hamı yaxşı tanıyıb. Plenuma buraxılmayan komissar öz iş yerinə qayıdıb, bir neçə saatdan sonra isə Bubnov vəzifədən azad olunması barədə xəbəri radiodan eşidib…

1884-cü ildə İvanovo-Voznesensk şəhərində anadan olan Andrey Bubnov orta məktəbi bitirdikdən sonra Moskva Kənd Təsərrüfatı İnstitutuna daxil olub. O, çox gənc yaşalarından marksist ədəbiyyatına böyük maraq göstərib. Bu maraq onu 1903-cü ildə bolşeviklər partiyasının sıralarına aparıb.

Bubnov_AS.jpg (88 KB)

Bubnovun inqilabi hərəkatda fəallığı artıqca, həbslərinin sayı da artıb. Amma bu həbslər, təhdid və təzyiqlər, daha uzun müddətə sürgünə göndərilmək təhlükəsi onu qorxutmayıb. O, oktyabr inqilabı zamanı ən fəal bolşeviklərdən biri sayılıb. Lenin inqilabdan sonrakı ilk çıxışında Bubnovun fəaliyyətinə yüksək qiymət verib. O cümlədən Lev Trotski də Bubnovun inqilabi proseslərdəki xidmətini yüksək dəyərləndirib.

İnqilabdan sonra Bubnov partiyanın Siyasi Bürosuna üzv seçilib, eyni zamanda Petroqrad hərbi şurasının üzvü olub.

Rusiyanın mövcud dövrdəki siyasi müstəvisində Bubnov Trotski qruplaşmasının üzvü kimi tanınıb. Amma çox keçməmiş o, özünü bu mövqeyindən çəkinmiş kimi göstərib və 1918-ci ildə fəaliyyətini mərkəzdən kənarda Ukraynada davam etdirib, əvvəlcə Ukrayna Xalq Respublikası Sovetinin təsərrüfat işləri üzrə xalq katibi, sonra Ukrayna mərkəzi hərbi inqilabi komitəsinin və Ukrayna Sovet Respublikasının Mərkəzi İcraiyyə Komitəsinin sədri vəzifələrini tutub.

Andrei_Sergeyevich_Bubnov_(1884-1938).jpg (49 KB)

1922-ci ildə İosif Stalin Mərkəzi Komitənin baş katibi (həmin dövrdə bu vəzifə məhz baş katib adlandırılıb) seçiləndə Bubnovu Ukraynadan Moskvaya qaytararaq Mərkəzi Komitənin təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin edib. Stalinin bu təyinatı heç də onu yaxın silahdaşı kimi yanına gətirmək məqsədi daşımayıb. Sovet lideri Bubnovun Ukraynadakı fəaliyyətindən “narahat” olub, mərkəzdəki qruplaşmalarda ona qarşı çıxanların Ukraynadan dəstək alacağından qorxub. Stalin Bubnovun Ukraynadakı nüfuzundan da xəbərdar olub, elə bu məqsədlə də onu “zərərsizləşdirmək” üçün öz yanında olmağını məqsədəuyğun sayıb.

Bubnovun Moskvaya gətirilməsi müzakirə olunanda Vyaçeslav Molotovu Stalinin bu addımını təəccübləndirib. Sonrakı açıqlamalarında Molotov bu haqda fikirlərini aşağıdakı kimi bölüşüb:

bubnov-3.jpg (128 KB)

“1922-ci ildə Stalin Bubnov haqqında qərarını bildirəndə mən buna etiraz etdim. Mərkəzi Komitənin təbliğat-təşviqat şöbəsi kifayət qədər səlahiyyətli bir şöbə idi. Bu şöbə Kommunist Partiyasının ideologiyasını müəyyənləşdirən, təbliğ edən, kütlələr arasında təşviqat işi aparan, yeri gələndə kütlələri öz arxasınca aparmağı bacaran bir şöbə idi. Belə bir şöbəyə siyasi əqidəsi sabit olmayan, Trotskinin ən yaxın tərəfdarı sayılan şəxsi təyin etmək məqbul sayıla bilməzdi. Stalin bununla bağlı mənim etirazımı sona qədər dinlədi, mənimlə razılaşdığını da bildirdi, sonda isə aramızdakı fikir ayrılığına qısa bir cavab verdi:

– Biz bizə düşmən olanları, bizim siyasi kursa qarşı çıxanları gözümüzün önündən çox da uzağa buraxa bilmərik…

Mən sonralar Stalinin bu təyinatda nə qədər düzgün addım atdığını anladım…”

1280px-15th_Congress_of_the_All-Union_Communist_Party_(Bolsheviks).jpg (175 KB)

1924-cü ilə qədər Mərkəzi Komitədə şöbə müdiri vəzifəsində işləyən Bubnov Leninin vəfatından sonra aparatdan uzaqlaşdırılıb. Stalin onu qırmızı ordunun siyasi işlər idarəsinə rəis təyin edib. Əslində, Bubnov daha yüksək vəzifə gözlədiyi halda Mərkəzi Komitədən uzaqlaşdırıldığının səbəbini yaxşı anlayıb. Stalinin ona qarşı “xoş” münasibətinin heç də səmimi olmadığını yaxşı dərk edib. Buna baxmayaraq, Bubnov ordudakı vəzifəsinin icrasına həvəslə başlayıb. Həmin dövrdə hərbi məsələlər üzrə xalq komissarı Trotski olduğundan köhnə silahdaşlar yenidən bir qurumda və qrupda birləşiblər.

Orduda siyasi işlər idarəsinin rəisi kimi Bubnovun fəaliyyətində bir neçə dəfə şübhəli məqamlar ortaya çıxıb. Bu dəfə Bubnovun vəzifə məsələsinə artıq hərbi məsələlər üzrə komissar vəzifəsini tutan Kliment Voroşilov müdaxilə edib. O, Stalinə məruzəsində Bubnovun ordudan təcili uzaqlaşdırılmasının zəruri olduğunu vurğulayıb.

bubnov1924.jpg (84 KB)

1929-cu ildə Bubnov Rusiya xalq maarif komissarı vəzifəsinə təyinat alıb. O, bu vəzifədə olarkən Rusiya təhsilində bir sıra islahatlar, xüsusilə də savadsızlığın aradan qaldırılması işində zərurri tədbirlər həyata keçirsə də, Bubnovun ölkənin siyasi proseslərinə müdaxiləsi tam məhdudlaşdırılıb.

Bubnov növbəti zərbəni “NKVD” rəhbəri Nikolay Yejovdan alıb. Yejov onun antisovet fəaliyyəti haqqında hazırladığı qovluğu Stalinə təqdim edib. Stalinin yazılı “həbs edilsin” dərkənarı və şifahi “bu yaramazla məsələni bitirmək lazımdır” ifadəsi Bubnovun həyatına və vəzifə karyerasına birdəfəlik son qoyub.
1937-ci ilin oktyabr ayında Bubnov antisovet fəaliyyətdə və terrorçuluqda ittiham edilərək həbs olunub. 1 avqust 1938-ci ildə 54 yaşlı sabiq komissar ən ağır cəzaya məhkum edilərək güllələnib.

İlham Cəmiloğlu