Travmatologiyada əməliyyat zamanı xəstənin dizini sümüyünəcən yandırdılar – ŞİKAYƏTbackend

Travmatologiyada əməliyyat zamanı xəstənin dizini sümüyünəcən yandırdılar – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tovuz rayonu, Ağdam kənd sakini Yusifova Aliyə uşaq vaxtı ermənilərin atdığı gülləyə tuş gəlib. Cəmi 2 yaşı olanda mənfur düşmənin mərmisi onun boynunun bir tərəfindən girib, digər tərəfindən çıxıb. Balaca Aliyə aldığı ağır xəsarətə baxmayaraq, həyata tutunmağı bacarsa da, zədəsi illər sonra özünü skalioz kimi büruzə verib.

Ötən il Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda skaliozdan əməliyyat olan Aliyənin bədənindəki zəiflik yarasının sağalmasına imkan verməyib. Xəstəxanadan evə buraxıldıqdan sonra yarası şişib çirk etməyə başlayıb. Mayın 18-də yenidən həmin xəstəxanada əməliyyata alınıb. Lakin onun erməni gülləsindən betər bəlası bu əməliyyat zamanı gəlib başına.

AFN.az-a danışan A.Yusifova deyir ki, narkozdan ayıldıqdan sonra qıçında dözülməz ağrılar hiss edib. Səbəbini soruşduqda deyiblər ki, ayağın əməliyyat zamanı “bir az” yanıb. Həmin “bir az” yanıq Aliyəyə körpəliyindən bəri yaşadığı bütün ağrıları unutdurub. Gündə bir neçə dəfə vurulan ağrıkəsicilərlə yaşadığını deyən A.Yusifova bildirir ki, xəstəxana personalından bəzi şəxslər ona şikəst qalacağını deyiblər: “O sözü eşidəndən sonra yanığın niyə belə möhkəm ağrıdığı mənə agah oldu. Sümüyüməcən yandırıblar məni, ağrılara dözə bilmirəm”.

Məlum olur ki, A.Yusifova əməliyyat zamanı qanı dayandırmaq üçün istifadə edilən yandırıcı aparatla yandırılıb. Məsələ ilə bağlı xəstəni əməliyyat edən həkim Toğrul Cəlilovla danışdıq. Həkim bildirdi ki, hadisənin baş verməsinə səbəb Kəmalə adlı kiçik tibb bacısıdır. Həmin tibb bacısı əməliyyat otağının işçisidir və T.Cəlilovun sözlərinə görə, bu, birinci hal deyil: “Mənim əməliyyatlarım zamanı onun əlində bir neçə dəfə belə hadisə baş verib, hər dəfə də rəhbərlik qarşısında məsələ qaldırmışam, amma nədənsə ciddi tədbir görülmür”.
Hadisənin detallarına gəldikdə, T.Cəlilov bildirdi ki, əməliyyat zamanı həmin aparatın bir ucu əməliyyat həkimində, bir ucu isə tibb bacısında olur: “Mən ondan damarları yandırıb qanı kəsmək üçün istifadə edirəm, tibb bacısı isə o biri ucunu xəstənin bədənnə toxundurmalıdır. Bunun üçün standart yer var, budun alt üçdə biri. Deməli, xəstəni çeviririk, üstünü strelizə olunmuş örtüklə örtürük, mən gedib yuyunub, əməliyyat geyimini geyinib gələnəcən həmin tibb bacırı o elektrodu budun alt üçdə birinə yapışdırmalıdır. Tibb bacısı bunu necə edib, necə yapışdırıbsa belə yanıq meydana çıxıb. Deyəsən, dizinə qoyub yanlış olaraq. Bir dəfə də başqa həkimdə belə hal olmuşdu. Rəhbərliyə də demişik, amma yenə o tibb bacısı orada işləyir. Mən əməliyyatdan dərhal sonra şöbə müdirinə məlumat verdim, dedim heç olmasa töhmət verilsin. Xəstənin özünə də başa saldım ki, belə hal baş verib. Şikayət etmək, etiraz etmək xəstənin hüququdur. Mən əməliyyat etdiyim xəstəliyə cavabdehəm, hər şey yüksək səviyyədədir. Biz çalışacağıq ki, onun dizindəki yanıq da minimal zədə ilə keçsin. Başqa nə deyə bilərəm bu haqda, bilmirəm”.
T.Cəlilov xəsarətin qalıcı olmayacağını ehtimal edir: “Güman ki, qalıcı olmayacaq. Yanığın kənarındakı dərilərdən yerli köçürmə olacaq əgər deşik əmələ gəlsə. Bəlkə də heç əmələ gəlmədi. Uzunmüddətli müalicə lazım olacaq, biz hamısını edəcəyik. O ki qaldı xəstədə hər hansı qüsurun qalmasına, mən buna cavabdehəm ki, heç bir qüsur qalmayacaq. Yara sağalana qədər ola bilsin xəstədə müəyyən narahatlıq olsun. Bunun üçün biz bir müddət gözləyəcəyik. Beli sağalsın getsin, sonra dizindəki xəsarətlə bağlı gələcək və lazım olan hər şey ediləcək”.

HƏBİBƏ