ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya mərasiminə sayılı günlər qalıb.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya mərasiminə sayılı günlər qalıb.
Yanvarın 20-də D.Tramp and içəcək və yanvarın 21-dən ABŞ prezidenti vəzifəsini həyata keçirməyə başlayacaq. İnauqurasiya komitəsinin yaydığı məlumata görə, mərasimin rəsmi hissəsi yanvarın 19-da səhər saatlarında başlayacaq. Yanvarın 20-də prezident və vitse-prezident Konqresdə and içəcək və ardınca Ağ Evə qədər davam edəcək inauqurasiya paradında iştirak edəcəklər.
Yanvarın 21-də duaların oxunduğu mərasimlə səhər yeməyi veriləcək. Mərasimə müxtəlif dinlərin bir neçə min nəfərdən ibarət təmsilçisi, həmçinin ABŞ siyasəti və işgüzar elitasının nümayəndələri qatılacaq.
Mərasimə son dərəcə ciddi təhlükəsizlik hazırlıqları da aparıldığı bildirilir. ABŞ-ın xüsusi xidməti və paytaxt polisi hesab edir ki, yeni seçilən prezident Donald Trampın yanvarın 20-də keçiriləcək inauqurasiyası zamanı Vaşinqtonda dünyanın ən çətin əməliyyatlarından biri qeydə alına bilər. “Nyu York Tayms”ın yazdığına görə, hazırda Tramp tərəfdarları ilə seçkinin nəticələrindən narazı qalanlar arasında mümkün qarşıdurmaların qarşısının alınması üçün ciddi hazırlıq gedir.
İnauqurasiyaya Trampın bir milyona yaxın tərəfdarının gələcəyi gözlənilir.
İnauqurasiya mərasimində iştirak üçün Bakıya heç kimə dəvət gəlmədiyi barədə diplomatik mənbələrdən Yeni Müsavata daxil olan məlumatda bildirilib ki, Azərbaycan adına dəvət ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanova olub.
ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Mehdi Hüseynquliyev açıqlamasında bildirib ki, Bakıya dəvət gəldiyi barədə məlumata malik deyil.
Azərbaycanın Xarici İşlər Nazirliyi və digər müvafiq rəsmi dövlət orqanları da ABŞ prezidentinin inauqurasiya mərasiminə Bakıya dəvət gəldiyi barədə rəsmi açıqlama yaymayıb.
Xatırladaq ki, 2013-cü ilin yanvarında Barak Obamanın inauqurasiya mərasimində də ölkəmizi Azərbaycanın ABŞ-dakı səfiri təmsil etmişdi. Belə görünür ki, ABŞ bu dəfə də səfirlə kifayətlənəcək. Bununla belə, ekspertlər bildirir ki, Bakıya xüsusi dəvətin olmaması Azərbaycan iqtidarı ilə Tramp hakimiyyəti arasında problemlərin olacağını söyləmək üçün əsas sayıla bilməz. Azərbaycan hakimiyyətinə əvvəlki dönəmlərdə də respublikaçılarla işləmək demokratlarla işləməkdən daha rahat olub. Yeni seçilmiş prezident Trampla da işləmək ən azından Obama administrasiyası ilə işləməkdən daha asan olacaq.