ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.
Tribunainfo.az xəbər verir ki, mitinqin yayımı siyasətçinin yutub kanalında aparılıb.
Görüntülərdə atəş səslərinin eşidildiyi, Trampın qulağından zədələndiyi əks olunub.
Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb.
Trampın yaralanması ilə nəticələnən silahlı insidentin təfərrüatları bəlli olub.
Dairə prokuroru Riçard Qoldingerin yerli mətbuata açıqlamasında hadisədə ümumilikdə iki nəfərin öldüyünü bildirərək onlardan birinin mitinq iştirakçısı, digərinin şübhəli şəxs olduğu vurğulayıb.
Hadisədə qulağından yüngül yaralanan 76 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib, onun həyati təhlükəsi yoxdur.
Olaydan sonra bir sıra ölkə liderləri bəyanat yayaraq insidenti pisləyiblər.
ABŞ prezidenti Co Bayden seçkilərdəki rəqibi respublikaçı Donald Trampın mitinqindəki silahlı insidenti pisləyib. Bu barədə Amerika liderinin bəyanatında bildirilib.
“Pensilvaniyada Donald Trampın mitinqindəki atəşaçma ilə bağlı mənə məlumat verilib. Onun təhlükəsiz olduğunu və yaxşı olduğunu eşitdiyimə görə şadam. Mən onun, ailəsi və mitinqdə olanların hamısı üçün dua edirəm, əlavə məlumat gözləyirik”.
Dövlət başçısı “Amerikada bu cür zorakılığa yer olmadığını” bildirərək amerikalıların “bunu pisləmək üçün bir millət kimi birləşməli” olduğunu vurğulayıb.
Tramp sui-qəsd cəhdi olduğu güman edilən silahlı insidentdən sonra ilk açıqlamasında atəş nəticəsində “güclü qanaxma” ilə üzləşdiyini bildirərək hadisədə ölən və yaralanan tərəfdarların ailələrinə başsağlığı verib.
Bu barədə 76 yaşlı siyasətçi sahibi olduğu “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Birləşmiş Ştatların Gizli Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına Pensilvaniya ştatının Batler dairəsində baş vermiş atəşaçmaya tez reaksiya verdikləri üçün təşəkkür etmək istəyirəm. Ən əsası, mitinqdə həlak olan şəxsin ailəsinə, eləcə də ağır yaralanan daha bir şəxsin ailəsinə başsağlığı vermək istəyirəm. Bunun bizim ölkədə baş verməsi inanılmazdır. Hazırda ölən nişançı haqqında heç nə bəlli deyil. Güllə sağ qulağımın yuxarı hissəsi deşib. Dərhal nəyinsə səhv getdiyini anladım, fit, atəş səsi eşitdim və güllənin dərimi cırmasını hiss etdim. Ağır qanaxma başladı və sonra nə baş verdiyini anladım. Tanrı Amerikanı qorusun!”, – qeyd edib.
Trampa qarşı sui-qəsd cəhdini həyata keçirən şəxsin adı Tomas Metyu Kruksdur.
Bu barədə “New York Post” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. 20 yaşlı Kruksun Pittsburq şəhərinin Bethel Park adlanan məhəlləsində yaşadığı bildirilir.
NYP-nin məlumatına görə, Kruks Trampın çıxış etdiyi səhnədən 100 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb.
Kruks Məxfi Xidmətin snayperi tərəfindən öldürülüb, cəsədinin yanında isə AR-15 tüfəngi aşkarlanıb.