TRAMP PUTİNƏ GÜZƏŞTƏ GEDƏCƏKMİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putin-Tramp görüşündən ciddi nəticələr gözləməyə dəyməz”. 

“Putin-Tramp görüşündən ciddi nəticələr gözləməyə dəyməz”.

Bu sözləri TİA.AZ-a G20 sammiti çərçivəsində baş tutacaq ABŞ və Rusiya liderlərinin görüşünü proqnozlardırarkən politoloq Şahin Cəfərli deyib:

Onun sözlərinə görə, bu, onların ilk görüşüdür və daha çox tanışlıq xarakteri daşıyacaq:

“Görüş prezidentlərdən birinin digərinin ölkəsinə rəsmi səfəri şəklində baş tutmur. Yəni, bu görüş üçün ciddi hazırlıq prosesi aparılmayıb, imzalanmaq üçün hər hansı sənəd hazırlanmayıb. Sadəcə olaraq, prezidentlər beynəlxalq toplantı çərçivəsində bir araya gələcəklər. Şübhəsiz ki, bu da önəmlidir. Müzakirə olunacaq mövzular təxminən məlumdur: Suriya və bu kontekstdə beynəlxalq terrorizmə qarşı mübarizə ilə Ukraynada vəziyyət əsas müzakirə mövzuları olacaq. Bundan başqa, aktual beynəlxalq problemlərə, xüsusən Şimali Koreya məsələsinə də yəqin ki, toxunulacaq”.

Politoloq deyir ki, ikitərəfli münasibətlərin dərin və hərtərəfli müzakirəsi gözlənilmir:

“Ola bilsin ki, bu sahəyə adi, bəzi problemlər, məsələn, ABŞ-da Rusiyanın diplomatik mülkiyyəti olan və Barak Obamanın qərarı ilə bağlanmış 2 binanın yenidən rusiyalı diplomatlara qaytarılması məsələsinin həlli gündəmə gəlsin. Sonuncu məsələdə tərəflərin razılığa gəlməsini mümkün sayıram, çünki əks təqdirdə, Rusiya hökuməti də analoji addım ataraq, ABŞ-ın Rusiyadakı eyni sayda diplomatik binasını bağlamalı olacaq, bu isə münasibətlərdə yaranmış böhranın dərinləşməsi demək olardı. Putin və Tramp bunu istəmir”.

Ş.Cəfərli deyir ki, əslində Tramp vəzifəsinin icrasına başladıqdan sonra Rusiya ilə münasibətləri normallaşdırmaq niyyətində idi, lakin Konqresin və “dərin dövlət”in güclü müqaviməti ilə üzləşdi:

“Hazırda elə bir vəziyyət yaranıb ki, Rusiya ilə münasibətlərdə hər şey Trampdan asılı deyil. O, güclü anti-Rusiya əhvalının hökm sürdüyü Konqresin və dövlət aparatının mövqeyini nəzərə almağa məcburdur. Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi və Tramp komandasının Rusiya ilə əlaqələrinə dair çoxtərəfli təhqiqat prosesləri davam edir. Senatda isə Rusiyaya qarşı yeni sanksiya sənədi qəbul olunub və hazırda layihə Nümayəndələr Palatasındadır. Trampın bunları qulaqardına vuraraq, Putinə ciddi güzəştlər etməsi ölkə daxilində çox sərt etirazlara səbəb ola bilər. Belə bir dönəmdə mən ABŞ-Rusiya münasibətlərində kardinal dəyişiklik və ciddi yaxşılaşma gözləmirəm. Ona görə də, hesab edirəm ki, Tramp ehtiyatlı davranacaq. Böyük ehtimalla prezidentlər görüşdən sonra beynəlxalq terrorizmə qarşı mübarizədə həmrəy olduqlarını, Suriya və Ukrayna problemlərinin həllində əməkdaşlığı davam etdirəcəklərini, Şimali Koreyanın ballistik raket sınaqlarından narahatlıq keçirdiklərini bəyan edəcəklər”.

Politoloqun sözlərinə görə, Rusiyanın ABŞ-da fəaliyyəti dayandırılmış diplomatik obyektlərinin geri qaytarılması da mümkündür: ”Bundan artığının baş verməsi və ciddi razılıqların əldə olunması böyük sürpriz olardı”.


İlahə