Tramp Maduroya Venesuelanı tərk etməsi üçün bir həftə vaxt verib

Tramp Maduroya Venesuelanı tərk etməsi üçün bir həftə vaxt verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduroya ölkəni tərk etməsi üçün ötən cüməyə qədər vaxt verib.Tribuna.az Reuters-ə istinadən xəbər verir ki, ultimatum yerinə yetirilmədikdən sonra ABŞ Venesuela üzərində hava məkanını bağladığını açıqlayıb.

Məlumata görə, 21 noyabrda Tramp və Maduro arasında qısa danışıq olub. Söhbət zamanı Maduro ölkəni tərk etməyə hazır olduğunu desə də, bir sıra şərtlər irəli sürüb. O, özü və ailəsi üçün tam amnistiya, ABŞ-ın bütün sanksiyalarının ləğvi, Beynəlxalq Cinayət Məhkəməsindəki proseslərin dayandırılması və hökumətinin 100-dən çox yüksək vəzifəli rəsmisi üçün məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib.

Tramp bu şərtlərin əksəriyyətini rədd edib. Danışıq 15 dəqiqədən az davam edib və ABŞ prezidenti Maduroya ailəsi ilə birlikdə ölkəni tərk etmək üçün bir həftəlik konkret müddət qoyub. Reuters yazır ki, Maduro həmçinin seçkilərədək ölkəyə vitse-prezident Delci Rodrigezin başçılıq etməsini də təklif edib.

Xəbərdə qeyd olunur ki, iki lider arasındakı əlaqə ABŞ-ın aylardır davam edən təzyiqlərinin kulminasiyası olub: narkotrafiklə əlaqəli olduğu iddia edilən gəmilərə zərbələr, mümkün genişmiqyaslı hərbi əməliyyat barədə açıq hədələr və Maduronun aid olduğu iddia edilən “Cartel de los Soles” qrupunun terror təşkilatı kimi tanınması.

Maduro və hökuməti ittihamların hamısını rədd edir və ABŞ-ın addımlarını “Venesuelanın təbii sərvətlərinə nəzarət məqsədilə rejim dəyişikliyi cəhdi” kimi qiymətləndirir.

Maduro ultimatum şərtlərini yerinə yetirmədiyinə görə ABŞ şənbə günü Venesuela üzərində hava məkanının bağlandığını elan edib. Ertəsi gün Tramp danışığın baş verdiyini təsdiqləsə də, detalları açıqlamaqdan imtina edib. Ağ Ev və Karakas rəsmiləri şərh verməyib.

İmran Kərimli