ABŞ prezidenti Donald Trampın İrana qarşı sərt siyasəti regionda bütün daşları yerindən oynadır və düşündürücü olan əsas sual belədir: “ABŞ İranı vuracaqmı, yaxud vuracaqsa, nələr baş verə bilər?”. ABŞ prezidenti Donald Trampın İrana qarşı sərt siyasəti regionda bütün daşları yerindən oynadır və düşündürücü olan əsas sual belədir: “ABŞ İranı vuracaqmı, yaxud vuracaqsa, nələr baş verə bilər?”.
Bu sualın cavabından asılı olmayaraq, region üçün ciddi təhlükələrin yarandığı aydın görünür. Nəzərə alsaq ki, İran Azərbaycanın qonşusudur, o zaman, bu ölkəyə qarşı hər-hansı hücum birbaşa bizi də maraqlandırır.
Publika.az xəbər verir ki, Türkiyənin “Milli Qəzet” nəşri isə ABŞ-ın İrana müdaxiləsinin mümkün olduğunu yazıb.
ABŞ-ın İrana hərbi müdaxiləsi
Nəşr Donald Trampı I Dünya müharibəsinə səbəb olmuş serb millətçisi ilə müqayisə edir. Hansı ki, serb terrorçu Avstriya-Macar taxt-tacının varisini qətlə yetirdi və dünya müharibəsi başladı. Təbii ki, bu qətl ocağın alovlanması üçün yandırılan fitil idi. Bəs indi Tramp necə, serb millətçisi kimi davranacaqmı?
“Milli Qəzet” yazır ki, hazırda I Dünya müharibəsindəki riskli vəziyyət yaranıb.
“Müharibələr terror təşkilatları vasitəsilə aparılır, buna paralel olaraq, qlobal miqyasda sürətlə silahlanma gedir. Başqa sözlə, bəşəriyyət tanınmaz hala düşüb. Maraqlıdır ki, Tramp İranın ballistik raketi sınaqdan keçirdiyini əsas gətirərək, sanksiyaları yenidən gündəmə gətirdi və bəyan etdi ki, o, Obama kimi yumşaq davranmayacaq. Faktiki olaraq, bu, bütün region üçün böyük təhlükədən xəbər verir. O da mümkündür ki, Tramp növbəti mərhələdə İrana hərbi müdaxiləni gündəmə gətirsin”, – deyə məqalədə bildirilir.
Suriya, İran və Türkiyə – Səddamın taleyi təkrarlanacaq
Nəşr yazır ki, “ərəb baharı”nın “Böyük Yaxın Şərq” planının tətbiqi olduğu fikri ilə hər kəs razılaşır: “Çoxdan məlumdur ki, İraqdan sonra hədəf Suriya olacaqdı. Suriyadan sonra İran, ən sonda isə Türkiyə. Türkiyənin Suriyadakı siyasətindən sonra İranla Türkiyənin yeri dəyişdirildi və hədəfdə Türkiyə oldu. ABŞ-ın Obama dönəmində PYD-ni (PKK-nın Suriya qolu-red) “müttəfiq” adlandırması əslində Türkiyəyə siqnal idi. İndi yenidən İran önə çıxıb və hədəfdə odur. Görünür, Türkiyə sonrakı mərhələyə saxlanılıb. Trampın İrana hərbi müdaxiləsi ehtimalı güclüdür. Lakin o da dəqiqdir ki, İran İraq olmayacaq. İranın daxili faktorları ilə yanaşı, onun Rusiya və Çinlə münasibətləri də ABŞ-a ciddi təhlükələr yaradır”.
Bütün region alovlanacaq
Məqalədə bildirilir ki, İranla ABŞ-ın qarşıdurmasından Türkiyə də zərər çəkəcək.
“Əslində İraq birinci qurban idi və region üçün böyük təcrübə hesab oluna bilər. Yəmən, Liviya, Suriya, Misir – bütün bu ölkələr bir-bir hədəfə alındı. Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında səslənən “bizim ölkəmiz asimmetrik hücumlarla qarşılaşır, buna qarşı həm daxildə, həm də xaricdə hər cür addım atılacaq” sözləri təhlükənin miqyasını göstərir. Aydındır ki, Suriya və İraqdan sonra müzakirə olunan məsələlər sırasına İran da daxil olacaq. Hesab etmək olar ki, yaxın gələcəkdə region alovlanacaq. Artıq bunun ilk simptomları görünməkdədir”, – deyə nəşr vurğulayıb.