“Tramp haqq yoluna qayıdır” – Bu, Türkiyənin xeyrinədir…

“Tramp haqq yoluna qayıdır” – Bu, Türkiyənin xeyrinədir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Deyəsən, ABŞ prezidenti Donald Tramp haqq yoluna qayıdır, elə bu saatlarda açıqlama verib ki, Amerika hərbi qüvvələri yaxın zamanda Suriyadan çıxacaq”

Minval.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, ABŞ prezidenti biznesmendir və xərclənən pullara baxır: “Tramp deyib ki, ABŞ hərbçilərinin Suriyada varlığı İŞİD-lə mübarizə ilə bağlı idi və hədəfə çatılıb. Tramp biznesmendir və xərclənən pullara baxır. Amerika Yaxın Şərqə 7 trilyon dolar xərcləyib, nəticə isə göz qabağındadır, hər yer toz-dumandır. Ona görə də pulun qədrini bilən Tramp Suriyada daha çox qalmanın mənasını görmür”.

Politoloqun sözlərinə görə, Tramp sözügedən qərarını təsdiq edərsə, bu, Türkiyənin xeyrinə olacaq: “Türkiyənin Suriyadakı PKK terrorçularına qarşı uğurlu əməliyyatlarının davam etdirməsinin qarşısını oradakı amerikalı hərbçilərin varlığı alırdı, türklər bu bölgədə təsadüfən amerikan hərbçilərini öldürmək istəmirlər. Demək, əgər Tramp qərarını həyata keçirərsə, Türkiyə ordusunun Menbiçə və digər yaşayış məntəqələrinə yolu açılacaq və PKK tör-töküntüləri daha ağır zərbələr alacaqlar”.

Elxan bəy bildirib ki, sadəcə, Tampın qərarı azdır, Pentaqondakı generalların Ağ Ev sahibinin qərarını yerinə yetirməsi lazımdır: “Çünki dəfələrlə olub ki, Tramp türkiyəli həmkarı Ərdoğana bir söz deyib, amerikalı generallar fərqli addım atıblar, Türkiyənin düşmənlərinə dəstək veriblər”.