Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra Qüdsün statusu – qızğın müzakirələr mövzusudur. Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra Qüdsün statusu – qızğın müzakirələr mövzusudur. Həm İsrail, həm də Fələstin Muxtariyyəti Qüdsü öz paytaxtı sayır. TİA.AZ-a bu məsələni şərh edən politoloq Nəzakət Məmmədova əvvəlcə bəzi tarixi məqamları xatırlatdı: “Şərqi Qüdsün statusu İsrail-Fələstin münasibətlərin də həsssas məsələdir. İsrail yaranandan bu problem qalmaqda davam edir. BMT Təhlükəsizlik Şurası 1948-ci ildə 181 saylı qətnamə qəbul etmişdi. Bu qətnamə “Fələstinin bölünməsi” adı ilə daha çox tanınır. Qətnaməyə görə Britaniya mandatı başa çatdıqdan sonra Şərqi Qüds beynəlxalq nəzarəti nəzərdə tuturdu. Bu mandat isə 1948-ci ilin may ayının 15-də başa çatırdı. Osmanlı İmperiyasının dağılmasından sonra bu ərazilər Britaniya mandatının tabeliyinə keçmişdi.
BMT yarandıqdan sonra artıq bu məsələ ilə bağlı dediyimiz kimi qətnamə qəbul edildi və şəhərin müqəddəs məkanlarına nəzarətin beynəlxalq ictimaiyyətə verilməsi ilə bağlı qərarlar verildi. 1948-ci ilin may ayının 15-dən etibarən qərar icra edilməli idi. Ancaq ərəb ölkələrinin yeni yaranan Israil dövləti ilə müharibəyə başlaması BMT qətnaməsinin icra olunmamasına səbəb oldu.1949-cu ili dekabrın 5-də İsrail Yerusəlimi özünün paytaxtı elan elədi. İsrailin bir sira dövlət müəssisələri, Knessetin özü Yerusəlimdə yerləşir. Ancaq bu status 1948-1967-ci illərinədək şəhərin yalnız Qərb hissəsinə aid idi.
Yəni, İordan çayının Şərq sahilindəki hissə Fələstin yox Transiordaniya adlanırdı. Israilin ardınca 1950-ci ildə Transiordaniya da Yerusəlimi özünün ikinci paytaxtı elan elədi. 1967-ci ildə 6 günlük müharibə ilə İsrail ərəb ölkələrinə qalib gəldi. Artıq Şərqi Qüdsü də öz nəzarətinə keçirdi. Baxmayaraq ki, bu ərazilər hazırda İsrailin nəzarətindər, BMT İsraili işğalçı kimi tanıyır və həmin əraziləri tərk etməyə çağırır. İsrail isə bu məsələdə “işğal olunmuş” deyil, “mübahisəli ərazi” terminin işlədilməsini tələb edir. İsrail bildirir ki, hər iki müharibədə o ərəb ölkələrinə hücum etməyib, sadəcə, müdafiə olunub. İkinci də fakt olaraq yəhudi xalqının tarixinə əsasən onun bu əraziyə haqqıq çatdığını bildirir. BMT bu məsələdə Fələstinin xeyrinə olan bir neçə qətnamə qəbul edib. Lakin İsrail bu tələbləri rədd edərək, onun xalqının bu ərazilərə tarixi haqqının olduğunu əsas gətirir. İndi isə BMT-nin əksinə olaraq ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı olaraq qəbul etdi.Beynəlxlaq ictimaiyyət isə hesab edir ki, bu şəhərin kimə məxsus olması məsələsi hələki mübahisəlidir. Şəhərin statusu İsrail və Fələstin arasında danışıqlar yolu ilə müəyyənləşməlidir. Amma indiyə qədər hüquqi vəziyyəti budur ki, BMT-nin 181 saylı qərarına görə şəhərin Şərq hisəsinin İsrailə, Qərb hissəsinin isə Fələstinə məxsus olmasını qəbul edirlər. Rusiyanın özü də bu mövqedən çıxış edir. Artıq Fələstin özü də BMT-yə müraciət edib ki, Trampın verdiyi qərar ləgv edilsin. Digər ölkələr də BMT-yə mövzuyla bağlı müraciət edib. Burada ən maraqlı məqam İngiltərənin mövqeyidir. İngiltərəyə görə Osmanlı imperiyasınınn süqutundan sonra bu ərazi Britaniya mandatının nəzarətində olub. Və buna görə Britaniya burda söz haqqına sahib olduğunu düşünür. Britaniya ilə müttəfiq olan Avstraliya, Kanada da bu qərara qarşıdır. İngiltərənin tarix boyu belə bir siyasəti olub. Bu dövlət tarix boyu heç bir koalisiyaya daxil olmağa çalışmayıb. Lakin məcburiyyət qarşısında daxil olub. Öz əl –qolunu müqavilə və öhdəliklərlə bağlamaq istəməyib. Britaniya ada dövləti olaraq Qitə Avropasına nəzarət edib. Bu dövlətlər isə müxtəlif koalisiyalar yaradıb.Bu koalisiyalar arasında balans pozulduqda isə müharibə ehtimalı yaranıb. O zaman Britaniya hər zaman zəif koalisiyanın yanında olub ki, balans pozulmasın.
Haırda Britaniya yenə ABŞ-a qarşı Avropa Birliyinin yanındadır. Bununla o balans yaratmaq istəyir. Britaniya bununla dünya müharibəsinin qarşısını alır. Yəni, bu Britaniyanın siyasətidir.”Nəzakət Məmmədova bildirir ki, ABŞ bu qərarla hələ də dünyaya nəzarət edə biləcəyini vurğulamaq istəyir: “Tarmpın bu qərarı əsasən Suriyadakı müharibə ilə bağlıdır. ABŞ-ın Suriyadakı məğlubiyyəti onun Yaxın Şərqdəki nüfuzuna böyük xələl gətirdi. Şübhəsiz ki, bu qərarın verilməsində Trampın ətrafında olan yəhudi millətindən olan şəxslərin böyük təsiri olub. Onun öz qızı həmin millətdən olan şəxsə ərə gedib və yəhudiliyi qəbul edib, yəhudi ayinləri icra edir, bu xalqa pərəstiş duyur. Tramp ailəsinin şəxsi mövqeyi dediyimiz kimi burada rol oynayıb. Eyni zamanda, ABŞ Suriyadakı məğlubiyyətin əvəzini Qüdsdə çıxırmış kimi bir təsəvvür yaranır. Çünki Qüdsün paytaxt kimi tanınması artıq müharibə yolu ilə Yaxın Şərqi İsrailin tabeçiliyinə verə bilməyən, hələ ki, İsrailə müttəfiq ola biləcək kürd dövləti yarada bilməyən ABŞ-ın öz diplomatik imkanlarından istifadə edərək bu radikal addımı atması deməkdir. Suriyada məğlubiyyət, Rusiyanın faktiki üstünlüyü ABŞ-ın beynəlxalq nüfuzuna böyük kölgə saldı.Obamanın siyasəti Suriyada ABŞ-ın məglubiyyətinin əsasını qoydu.
Çünki Suriya müharibəsində İran, Rusiya Türkiyə ABŞ-ı çox üstələdi.Tramp bununla ABŞ-ı ilk növbədə psixoloji “məğlubiyyət sindromu”nu aradan qaldırmaq istədi. Tramp dünyaya göstərmək istəyir ki, ABŞ heç də zəif deyil. Tarixə baxsaq, vaxtilə Vyetnam müharibəsində də Amerika eyni halla üzləşmişdi. Amerika kimi bir super dövlət kiçik Vyetnamda məğlubiyyətə məruz qaldı. ABŞ ikinci dəfə bu halla Suriyada rastlaşdı və öz planlarını həyata kemirə bilmədi. Bunun əvəzində Qüdsü İsrailin paytaxtı olaraq tanımaqla ilk növbədə ABŞ-ın imicinə vurulan zərəri aradan qaldırmaq istəyir. Təbii ki, başqa səbəblər də var. Bu qərar dünyada qarşıdurmaya səbəb olacaq. Çin, Rusiya, Avropa Birliyi, ərəb ölkələrinin bəziləri bu qərara qarşıdır. Fələstinlə İsrail arasında olan danışıqlar da bu məsələ ilə müəyyən qədər geriyə düşdü və hətta Fələstin ABŞ-ın danışıqlarda vasitəçiliyindən imtina edib. Bundan başqa İsrailə qarşı terror aktları güclənə bilər. Artıq “HƏMAS” lideri ABŞ və İsraili hədələyir. İran da “Hizbullah”-ı İsrailə qarşı daha da qızışdıracaq. ABŞ və Israildə terror aktlarının törədiləcəyi istisna olunmur. Yəni, gərginlik müşahidə olunacaq.”
NÜŞABƏ
TİA.AZ